İQTİSADİYYAT
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında kənd təsərrüfatı sahəsində geniş əməkdaşlıq imkanları mövcuddur
Bakı, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 28-də Kənd Təsərrüfatı Nazirliyində Birləşmiş Ərəb Əmirliklərinin “MBM” şirkətlər qrupunun nümayəndə heyəti ilə görüşdə aqrar sektorda investisiya tələb edən sahələr və bu sahələrə sərmayələrin qoyulması ilə bağlı müzakirələr aparılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir Heydər Əsədov iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, həmçinin kənd təsərrüfatı sahəsində də əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayıb. Dövlətimizin başçısı tərəfindən aqrar sahəyə göstərilən diqqət və qayğıdan danışan nazir bu sahənin prioritet elan olunduğunu və çoxşaxəli inkişaf etdiyini, 11 iqlim tipindən 9-nun Azərbaycanda mövcudluğunu, ölkəmizdə kənd təsərrüfatının bütün sahələri üçün əlverişli investisiya mühitinin və böyük ixrac potensialının olduğunu nəzərə çatdırıb.
Görüşdə investisiya tələb olunan sahələr, xüsusilə də Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə və digər ölkələrə kənd təsərrüfatı məhsullarının ixrac edilməsi məqsədilə aqroparkların, pestisid istehsalı müəssisəsinin, heyvandarlıq məhsullarının saxlanması və ticarəti üçün logistik mərkəzin yaradılması, respublikamızda istehsal edilən məhsulların ixrac imkanları və s. məsələlər müzakirə olunub.
“MBM” şirkətlər qrupunun korporativ məsələlər üzrə direktoru Federico Carvellini Azərbaycanın Asiya və Avropada strateji məkanda yerləşdiyini, yüksək inkişaf etdiyini, ölkə rəhbərliyinin aqrar sahəyə böyük önəm verdiyini nəzərə alaraq kənd təsərrüfatı sahəsində əməkdaşlığa maraq göstərdiklərini diqqətə çatdırıb. O, səfərindən əsas məqsədin Azərbaycanda kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarını araşdırıb, aqrar sahənin inkişafı üçün texniki və maliyyə dəstəyi göstərməkdən ibarət olduğunu bildirib.
Federico Carvellini kənd təsərrüfatı infrastrukturunun yenidən qurulmasına və aqroparkların yaradılmasına sərmayə qoyuluşu, Azərbaycanda fəaliyyət göstərən şirkətlərlə əlaqə yaradılması və əməkdaşlığa dair təkliflərlə Kənd Təsərrüfatı Nazirliyinə müraciət edəcəklərini söyləyib.