CƏMİYYƏT


Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında miqrasiya sahəsində əməkdaşlıqla bağlı müzakirələr aparılıb

A+ A

Əbu-Dabi, 20 oktyabr, АZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 20-də bu ölkənin daxili işlər nazirinin vətəndaşlıq, yaşama icazəsi və limanlar məsələləri üzrə müavini Xəlifə Hərib Əl-Xeyli ilə görüşüb.

F.Nəbiyev ölkələrimizin əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayaraq, BƏƏ-nin vitse-prezidenti, Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun Azərbaycana, Prezident İlham Əliyevin isə Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərlərini xatırladıb, bu səfərlərin dost və qardaş ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı baxımından əhəmiyyətini qeyd edib. O, Azərbaycanın BƏƏ ilə bütün sahələrdə əməkdaşlıq etmək niyyətində olduğunu diqqətə çatdırıb.

Dövlətimizin başçısının bütün sahələrdə olduğu kimi, miqrasiya sahəsinin də inkişafına böyük önəm verdiyini bildirən F.Nəbiyev 2007-ci ildə təsis edilmiş Dövlət Miqrasiya Xidmətinin vəzifələri haqqında ətraflı məlumat verib. O, nazir müavinini Azərbaycana səfərə dəvət edib.

BƏƏ rəsmisi dost Azərbaycanla əlaqələrin həqiqətən də yüksək səviyyədə olduğunu təsdiqləyərək, dövlət və hökumət nümayəndələri arasında səfər mübadilələrinin önəmini vurğulayıb. O, BƏƏ vətəndaşları üçün regionun turizm qibləsinə çevrilən Azərbaycanda qısa müddət ərzində miqrasiya sahəsində görülən işlərin səviyyəsinə heyran qaldığını və bu sahədə dost Azərbaycanla əməkdaşlıq etməyə və lazımi dəstək verməyə hazır olduğunu diqqətə çatdırib. Nazir müavini Azərbaycana böyük məmnuniyyətlə səfər edəcəyini vurğulayıb.

Görüşdə miqrasiya, daimi və müvəqqəti yaşama icazəsi və s. məsələlər üzrə tərəfləri maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.