SİYASƏT
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Abu-Dabi, 11 oktyabr, АZƏRTAC
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov bu ölkənin müdafiə məsələləri üzrə dövlət naziri Məhəmməd Əhməd Əl-Bavardi ilə görüşüb.
Görüşdə Azərbaycan-BƏƏ əlaqələrindən söhbət açan səfir bu münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, Azərbaycan rəhbərliyi qardaş BƏƏ ilə ikitərəfli əlaqələri bütün sahələrdə inkişaf etdirmək niyyətindədir. D.Şikarov BƏƏ-nin vitse-prezidenti, Baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd bin Raşid Əl Məktumun ötən il ölkəmizə, Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin fevralında Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərlərinin ikitərəfli münasibətlərin daha da inkişafına təkan verdiyini qeyd edib.
Qarşılıqlı əməkdaşlıq sahələrinə nəzər salan səfir müdafiə sahəsində işbirliyi üçün qarşılıqlı maraqlara söykənən yaxşı imkanların mövcudluğunu bildirərək həm Azərbaycanın, həm də BƏƏ-nin müdafiə sənayesi seqmentində uğurlu nəticələr qazandıqlarını önə çəkib. Diplomat, həmçinin Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyət, eləcə də qonşu Ermənistan tərəfindən işğala məruz qalmış Azərbaycanda ordu quruculuğu istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Məhəmməd Əhməd Əl-Bavardi ikitərəfli siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu qeyd edərək, BƏƏ rəhbərliyinin Azərbaycan da daxil olmaqla, bütün dost ölkələrlə qarşılıqlı münasibətlərin inkişafına xüsusi diqqət yetirdiyini vurğulayıb. O, bu baxımdan qarşılıqlı səfərlərin əhəmiyyətini önə çəkib.
Dövlət naziri Azərbaycan Prezidenti İlham Əliyevin çətin geosiyasi və geoiqtisadi konyunktura şəraitində həyata keçirdiyi uğurlu xarici siyasət haqqında kifayət qədər məlumatlı olduğunu diqqətə çatdırıb. Nazir Ermənistanın hərbi təcavüzünə məruz qalan Azərbaycanda dövlətimizin başçısının ordu quruculuğuna, xüsusən müasir standartlara cavab verən hərbi sənaye kompleksinin inkişafına göstərdiyi diqqəti xüsusi qeyd edib.
Dövlət naziri bu il sentyabrın 27-30-da Bakıda keçirilmiş “ADEX-2016” Beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün Azərbaycana səfərini xatırladıb. O, yüksək səviyyədə təşkil olunan bu sərgi çərçivəsində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ilə səmərəli və faydalı görüş keçirdiyini bildirib. M.Əl-Bavardi hərbi sahədə əməkdaşlıq imkanlarının araşdırılması üçün Azərbaycan nümayəndə heyətinin tezliklə Abu-Dabiyə səfər edəcəyini və növbəti mərhələlərdə intensiv qarşılıqlı səfərlərin təşkil olunacağını diqqətə çatdırıb.
M.Əl-Bavardi paytaxt Bakının Şərqin və Qərbin memarlıq üslublarının nadir sintezi nəticəsində özünəməxsus gözəlliyə, eləcə də müasir infrastruktura malik olduğu haqda eşitdiklərinin həqiqətən də reallığı əks etdirdiyini vurğulayıb, ölkəmizdə turistlər üçün yaradılan şəraitin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib. O, tezliklə turist qismində ölkəmizə səfər etmək arzusunda olduğunu nəzərə çatdırıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Abu-Dabi