MƏDƏNİYYƏT
Azərbaycan ilə Bolqarıstan arasında turizm sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
Sofiya, 1 aprel, AZƏRTAC
Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov bu ölkənin turizm naziri Nikolina Angelkova ilə görüşüb.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin 3-5 mart tarixlərində Bolqarıstana səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Bolqarıstan Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Protokol” və ondan irəli gələn məsələlər müzakirə olunub.
N.Angelkova Azərbaycanda son illər ərzində turizm sahəsində əldə edilən nailiyyətlərə toxunaraq, turizm sektorunun Bolqarıstan üçün prioritet sahələrdən biri olduğunu söyləyib. O, Bolqarıstanın turizm sahəsindəki təcrübəsini nəzərə alaraq, ölkələrimiz arasında bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini bildirib.
Nazir, həmçinin 2015-ci il mayın 18-19-da Bakıda keçiriləcək III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən, Azərbaycanın mədəniyyətlərarası dialoq, multikulturalizm sahəsində əldə etdiyi nailiyyətlərdən bəhs edib.
Emil Kərimov Azərbaycanın Bolqarıstanla enerji sahəsi ilə yanaşı, turizm sahəsində də əməkdaşlıqda maraqlı olduğunu söyləyib, ölkələrimiz arasında turizm sektorunda əməkdaşlığın inkişafı üçün böyük imkanların mövcud olduğunu vurğulayıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya