İQTİSADİYYAT
Azərbaycan ilə Çexiya arasında əməkdaşlığın inkişafı üçün geniş imkanlar var
Bakı, 4 mart, AZƏRTAC
Martın 4-də Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Çex Respublikasının sənaye və ticarət naziri Yan Mladekin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan və Çex Respublikaları arasında siyasi və iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayan Samir Şərifov bununla belə, əməkdaşlığın inkişafı üçün geniş imkanlar olduğunu, ölkələrimizin potensialından istifadə edərək mövcud iqtisadi əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib. Nazir Azərbaycanın hazırkı sosial-iqtisadi vəziyyəti və qazanılmış uğurlar barədə məlumat verib.
Ölkəsinin Azərbaycanla əlaqələrə önəm verdiyini qeyd edən Yan Mladek müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb.
Görüşdə maliyyə, energetika, nəqliyyat və dəmir yollarının yenidən qurulması, qarşılıqlı investisiya qoyuluşu, ticarət, kiçik və orta biznesin və sənayenin inkişafı, kənd təsərrüfatı və s. sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.