CƏMİYYƏT


Azərbaycan ilə Çin arasında möhkəm dostluq əlaqələri qurulub VİDEO

A+ A

Bakı, 29 iyul, P.İmanova, AZƏRTAC

İyulun 29-da Azərbaycan Dillər Universitetinin (ADU) nəzdindəki Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çin Xalq Respublikasının (ÇXR) Silahlı Qüvvələrinin yaranmasının ildönümünə həsr olunan “Böyük İpək yolunda təhlükəsizliyin təmin olunması” mövzusunda tələbə elmi seminarı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov ölkələrimiz arasında mövcud dostluq və çoxtərəfli əlaqələrin inkişafından, həmçinin beynəlxalq və regional təşkilatlar çərçivəsində Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsinin tarixi əhəmiyyətindən danışıb. Tarixi “İpək yolu”nun bərpasında ölkəmizin geostrateji rolundan söz açan R.Abbasov Avrasiya nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin təmin edilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Azərbaycanın Çindəki səfirliyinin sabiq hərbi attaşesi, Silahlı Qüvvələrin Hərbi Akademiyasının adyunktura və elm şöbəsinin hərbi tarix üzrə professoru, “Dərbənd” Xeyriyyə Cəmiyyətinin sədri Nurulla Əliyev seminarda çıxış edərək Azərbaycan ilə Çin arasında möhkəm dostluq əlaqələrinin qurulduğunu bildirib, müxtəlif sahələrdə səmərəli əməkdaşlıqdan danışıb. Qeyd olunub ki, bu əməkdaşlığın möhkəmləndirilməsi, inkişaf perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilir, konkret istiqamətlər üzrə iş aparılır. 2004-cü ildən bu günədək Müdafiə Nazirliyinin yüzdən çox hərbi qulluqçusu Çində müvafiq kurslarda təhsil alıb, hərbçilərimizin qarşılıqlı səfərləri təşkil edilir.

ÇXR-in Azərbaycandakı səfirliyinin siyasi şöbəsinin müdiri Cen Xaynin iki ölkə arasında bütün sahələrdə əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb, dünyada müasir hərbi-siyasi və geoiqtisadi proseslərdə Çinin iştirakından danışıb.

Seminarda ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Çinin “fəal müdafiə” strategiyasından, hərbi sahədə Çin ordusunun modernləşdirilməsinə yönəlmiş islahatlardan, təhlükəsiz İpək yolu marşrutlarının formalaşması tarixində söz açıblar. Eyni zamanda, qədim dövlətlərin Şərq ilə Qərbi birləşdirən karvan yollarına nəzarət uğrunda mübarizəsi, iqtisadi İpək yolu kəməri və XXI əsrin dəniz İpək yolunun yaradılması daxil olmaqla bu ölkənin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” layihəsi barədə məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.