SİYASƏT


Azərbaycan ilə Cibuti arasında siyasi münasibətlər yüksək səviyyədədir

Bakı, 4 may, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cibuti Milli Assambleyasının sədri Mohamed Əli Humədin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edildi. Parlament diplomatiyasının önəminin vurğulandığı görüşdə hər iki ölkə parlamentində yaradılan dostluq qruplarının fəaliyyətinin intensivləşdirilməsinin vacibliyi qeyd edildi.

Nazir Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar məlum qətnamələrinin qəbulunda BMT TŞ-nın o zaman qeyri-daimi üzvü kimi Cibutinin fəal rolunu yüksək qiymətləndirdi. O, həmçinin Cibuti Respublikasının Milli Assambleyasında Xocalı soyqırımına dair qətnamənin qəbul edilməsinə, ümumilikdə, Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyinə görə ölkəmiz adından təşəkkür ifadə etdi.

Mohamed Əli Huməd Azərbaycan hökuməti tərəfindən Cibuti Respublikasına edilən humanitar yardıma görə minnətdarlığını çatdırdı və hər zaman qardaş və dost Azərbaycan xalqının yanında olduqlarını bəyan etdi.

Nazir Elmar Məmmədyarov iqtisadi və humanitar əlaqələrin genişləndirilməsinin vacibliyinə toxundu. Qeyd olundu ki, hər iki ölkənin əlverişli strateji coğrafi mövqeyi hava və dəniz daşımaları sahəsində əməkdaşlığı daha da genişləndirməyə imkan verir.

Mohamed Əli Huməd Cibutini Azərbaycan üçün Afrika və ərəb dünyasına “giriş qapısı” kimi xarakterizə etdi və bu xüsusda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Cibuti portu, “Azərbaycan Hava Yolları” QSC-nin Cibutinin müvafiq qurumları ilə əməkdaşlığını və qarşılıqlı səfər mübadiləsini təqdir etdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.