CƏMİYYƏT


Azərbaycan ilə Dubay Əmirliyi arasında miqrasiya sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

A+ A

Dubay, 18 oktyabr, АZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay Əmirliyinin Məskunlaşma və Əcnəbilərin İşləri üzrə Baş İdarəsinin baş direktoru, general-mayor Məhəmməd Əhməd Əl-Mərrinin dəvəti ilə Dubay Əmirliyində səfərdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti “GİTEX 2016” texnologiya həftəsi sərgisində iştirak edib.

Sərgidə miqrasiya, texnologiya və digər sahələrlə bağlı ən son yeniliklərlə tanışlıqdan sonra Xidmət rəisi Dubay beynəlxalq hava limanının miqrasiya məsələləri üzrə rəisi, briqada generalı Talal Şanqiti ilə görüşüb.

Firudin Nəbiyevin general-mayor Məhəmməd Əhməd Əl-Mərri ilə görüşündə Azərbaycan ilə BƏƏ, o cümlədən Dubay Əmirliyi arasında əlaqələrin yüksək səviyyədə olduğu məmnunluqla qeyd edilib. İkitərəfli münasibətlərin hazırkı yüksək səviyyəyə çatmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və BƏƏ-nin vitse-prezidenti, Baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd bin Raşid Əl Məktumun qarşılıqlı səfərlərinin əhəmiyyətli rol oynadığı bildirilib.

Müzakirələrdən sonra Baş İdarənin fəaliyyət istiqamətlərinə dair videotəqdimat olub. Təqdimatdan sonra hər iki qurum arasında əməkdaşlığın inkişafı ətrafında fikir mübadiləsi aparılıb, tərəfləri maraqlandıran suallar cavablandırılıb.

Sonda Azərbaycan nümayəndə heyəti Baş İdarənin binasında yaradılan şərait, o cümlədən qurumun giriş icazələri, vətəndaşlıq və pasport, qədim pasportlar muzeyi, innovasiya mərkəzi, təlim-təkmilləşdirmə və digər bölmələrinin fəaliyyəti ilə tanış olub.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Dubay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.