İQTİSADİYYAT
Azərbaycan ilə Dünya Bankı istehlakçıların hüquqlarının müdafiəsi sahəsində müzakirələr aparıb
Bakı, 18 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlının maliyyə sektoru üzrə baş mütəxəssis Anjela Priqojinanın rəhbərlik etdiyi Dünya Bankının İstehlakçıların Müdafiəsi və Maliyyə Savadlılığı üzrə Texniki Yardım Missiyasının nümayəndələri ilə keçirdiyi görüşdə istehlakçıların hüquqlarının müdafiəsi və maliyyə savadlılığı sahəsində atılan addımlar və əməkdaşlıq perspektivləri müzakirə edilib.
Maliyyə Bazarlarına Nəzarət Palatasından AZƏRTAC-a bildirilib ki, istehlakçıların hüquqlarının müdafiəsi sahəsində aparılan islahatlardan söz açan xanım Priqojina bu sahədə Dünya Bankı ilə Azərbaycan arasında dialoqun davam etdirilməsinin məqsədəuyğun olduğunu qeyd edib.
İstehlakçıların və investorların hüquqlarının qorunması, eləcə də əhalinin maliyyə savadlılığının artırılması istiqamətində MBNP-nin gördüyü işlərdən bəhs edən Direktorlar Şurasının sədri Rüfət Aslanlı maliyyə bazarları sahəsində əhalinin maarifləndirilməsinin palatanın qarşısında duran əsas vəzifələrdən biri olduğunu bildirib. Onun sözlərinə görə Dünya Bankının istehlakçıların hüquqlarının müdafiəsi, müraciətlərə baxılması, eləcə də maliyyə savadlılığının artırılması ilə bağlı bilik və potensialın gücləndirilməsi tədbirlərinin təşkili palata üçün maraqlıdır və dərindən öyrəniləcək.
Görüşdə həmçinin istehlakçıların hüquqlarının müdafiəsi üzrə hüquqi, tənzimləyici və nəzarətlə bağlı islahatlar gündəliyi üzrə fəaliyyət planı və Dünya Bankının Texniki Yardım Missiyası çərçivəsində qarşıda duran məqsədlərin və planlaşdırılan tədbirlərin yerinə yetirilməsinə dair geniş fikir mübadiləsi aparılıb.