İQTİSADİYYAT
Azərbaycan ilə FAO arasında gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub
Bakı, 10 iyul, AZƏRTAC
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 40-cı sessiyasında iştirak etmək üçün İtaliyada rəsmi səfərdə olub.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov FAO-nun baş direktorunun müavini Daniel Gustafson ilə görüşüb.
Görüş zamanı Seyfəddin Talıbov Azərbaycan Respublikası ilə FAO arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən institusional islahatlar barədə ətraflı məlumat verib. Nazir müavini Azərbaycan Respublikası Prezidentinin kənd təsərrüfatının inkişafı məqsədilə imzaladığı sərəncamlar və bu sahəyə göstərilən dövlət dəstəyi barədə söz açıb, dövlətimizin başçısı tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında Kənd Təsərrüfatı Məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsi”nin önəmini vurğulayaraq, FAO ilə gələcək əməkdaşlığın bu sənəddə nəzərdə tutulmuş fəaliyyətlər çərçivəsində davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
FAO-nun baş direktorunun müavini Daniel Gustafson yüksək səviyyəli əməkdaşlığa görə minnətdarlığını bildirərək, bu əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə əminliyini vurğulayıb. Baş direktorun müavini Azərbaycanda kənd təsərrüfatının inkişafı sahəsində son illərdə qazanılan uğurlardan məmnunluğunu diqqətə çatdıraraq, qısa zamanda dinamik inkişafın böyük səylər və gərgin iş sayəsində əldə olunduğunu qeyd edib.
Daha sonra tərəflər arasında gələcək əməkdaşlığın perspektivləri və prioritet istiqamətlərin icrası üzrə nəzərdə tutulan layihələr barədə geniş fikir mübadiləsi aparılıb.