İQTİSADİYYAT
Azərbaycan ilə Fransa arasında Regionlararası İdarəetmə Komitəsi yaradılacaq
Bakı, 30 iyun, AZƏRTAC
Regionlararası əməkdaşlığın əlaqələndirilməsi məqsədilə Azərbaycan ilə Fransa arasında Regionlararası İdarəetmə Komitəsi yaradılacaq.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu fikir iqtisadiyyat naziri Şahin Mustafayevin Bakıda səfərdə olan Fransanın desentralizasiya və regionlararası əməkdaşlıq üzrə Milli Komissiyanın baş katibi, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin yerli hakimiyyətlərin xarici fəaliyyəti üzrə xüsusi nümayəndəsi Bertran For ilə görüşündə səsləndirilib.
Görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Fransa arasında əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin mühüm əhəmiyyətini vurğulayıb, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin genişlənməsində regionlararası əməkdaşlığın xüsusi rolunu qeyd edib. Hazırda Azərbaycanın 13 şəhəri ilə Fransanın 11 şəhəri və 1 vilayəti fəal əməkdaşlıq edir. Bu baxımdan Gəncədə keçirilən beynəlxalq üzüm və şərab festivalları, ötən il Parisdə təşkil olunmuş qida və kənd təsərrüfatı məhsullarının sərgisi, biznes forumlar önəmlidir. Qeyd edilib ki, regionlararası əməkdaşlığın genişləndirilməsi, həmçinin mədəniyyətlərin təbliğinə, xalqların bir-birini tanımasına böyük töhfə verə bilər. Görüşdə regionlararası əməkdaşlığın əlaqələndirilməsi məqsədilə Azərbaycan ilə Fransa arasında Regionlararası İdarəetmə Komitəsinin yaradılması məsələsi müzakirə edilib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycanın ədalətli mövqeyini diqqətə çatdıran nazir Şahin Mustafayev regionlararası əməkdaşlığın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Fransanın desentralizasiya və regionlararası əməkdaşlıq üzrə Milli Komissiyanın baş katibi, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin yerli hakimiyyətlərin xarici fəaliyyəti üzrə xüsusi nümayəndəsi Bertran For Azərbaycana ilk dəfə səfər etdiyini, ölkəmizdəki yüksək inkişafın onda böyük təəssürat yaratdığını qeyd edib, ikitərəfli əlaqələrin, o cümlədən regionlararası əməkdaşlığın genişlənməsi üçün ölkələrimizin potensialını vurğulayıb, əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.