İQTİSADİYYAT
Azərbaycan ilə Fransa arasında aqrar sektorda əməkdaşlıq məsələləri müzakirə edilib
Bakı, 12 avqust, AZƏRTAC
Avqustun 12-də Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin Fransanın ölkəmizdəki səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Herve Sarnelli ilə görüşündə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları və idxal-ixrac sertifikatları ilə bağlı məsələlər müzakirə edilib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir müavini Fransa ilə Azərbaycan arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı sahəsində də əlaqələrin yeni hüquqi müstəvidə inkişaf etdiyini diqqətə çatdırıb.
Azərbaycanın tarixən aqrar ölkə olduğunu vurğulayan İ.Quliyev son dövrlərdə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar, həmçinin hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar barədə geniş məlumat verib. Azərbaycanın iqlim şəraitinin kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün əlverişli olduğunu, ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan keyfiyyətini qonağın nəzərinə çatdırıb.
“Əsas məqsədimiz ölkəmizdə daha məhsuldar cins mal-qara yetişdirməkdir. Bu məqsədlə respublikada Süni Mayalama Mərkəzi inşa olunur. Mərkəzin ən müasir avadanlıqlarla təchizatında fransız şirkətləri də iştirak edir. Kənd təsərrüfatı məhsullarının idxal–ixrac əməliyyatlarında baytarlıq və fitosanitar xidmətlərinin tam şəffaf və operativ həyata keçirilməsi təmin olunub. Tvininq layihəsi çərçivəsində Fransanın dəstəyinə çox önəm veririk. Azərbaycan Dövlət Aqrar Universiteti ilə Fransanın aqrar ali təhsil ocaqları arasında tələbə mübadiləsinin aparılması da vacib məsələdir. Gəncə şəhərində hər il ənənəvi olaraq keçirilən “Şərab festivalı”nda Fransa şirkətləri fəal iştirak edir. Belə münasibətlər əməkdaşlığın yüksək təzahürüdür. Toxumçuluq, üzümçülük sahələrində də əməkdaşlığın genişləndirilməsi, həmçinin bu sahələrdə birgə müəssisələrin yaradılması məqsədəuyğun olar”, - deyə nazir müavini qeyd edib.
Sonra prioritet sahələr üzrə tərəflər arasında fikir mübadiləsi aparılıb.
Herve Sarnelli Fransa və Azərbaycan arasında kənd təsərrüfatı sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.