SİYASƏT


Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlıq əlaqələri inkişaf edir

Tbilisi, 29 avqust, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov avqustun 29-da Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Mixeil Canelidze ilə görüşüb.

Nazirlər Azərbaycan ilə Gürcüstan arasında dostluq, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsipləri əsasında strateji tərəfdaşlıq əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini bildirib, əməkdaşlığın inkişafında xalqlarımızın tarixi dostluq əlaqələrinin danılmaz rolunu vurğulayıblar.

Görüşdə iki ölkə arasında siyasi dialoq və qarşılıqlı anlaşmanın inkişaf səviyyəsindən məmnunluq ifadə olunub, yüksək səviyyədə həyata keçirilən səfərlər və siyasi məsləhətləşmələrin əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi bildirilib.

Nazirlər Azərbaycanın və Gürcüstanın beynəlxalq hüququn norma və prinsiplərinə, eyni zamanda, BMT Nizamnaməsinə uyğun olaraq, bir-birilərinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəklədiklərini xüsusi qeyd ediblər.

Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə gürcüstanlı həmkarına məlumat verib və qeyd edib ki, Azərbaycan bütün beynəlxalq ictimaiyyət, o cümlədən dövlət başçıları səviyyəsində ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən qəbuledilməz və qeyri-davamlı hesab olunan mövcud status-kvonun dəyişdirilməsi üzrə substantiv danışıqların tərəfdarıdır. Nazir bildirib ki, münaqişənin həllində irəliləyişə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı və hərbi işğal faktına son qoyulmalıdır. O əlavə edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli regionda davamlı sülh və təhlükəsizliyin bərqərar olmasını təmin edəcək.

Görüşdə iki ölkə arasında enerji və nəqliyyat sahəsində əməkdaşlığın irimiqyaslı və qarşılıqlı faydalı layihələrin, həmçinin proqramların həyata keçirilməsi üçün imkanlar yaratdığı, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin uğurlu təcrübəsi əsasında Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan “Cənub Qaz Dəhlizi”nin icrası istiqamətində ölkələrimiz arasında fəal əməkdaşlığın olduğu qeyd edilib.

Nazirlər Bakı-Tbilisi-Qars (BTQ) dəmir yol xəttinin inşasının tezliklə başa çatdırılması üçün səylərin gücləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıb, birgə mühüm infrastruktur layihələri həyata keçirən Azərbaycan, Gürcüstan və Türkiyə arasında artıq formalaşmış üçtərəfli tərəfdaşlıq mexanizminin mühüm əhəmiyyətini vurğulayıblar. Söhbət zamanı BTQ layihəsi üzrə beynəlxalq platformalarda birgə təqdimatların davam etdirilməsi təcrübəsinin vacibliyi qeyd olunub.

Görüşdə iqtisadi-ticarət əlaqələrinin inkişafı və bu xüsusda hökumətlərarası birgə komissiyanın fəaliyyətinin intensivləşdirilməsi məsələsi müzakirə edilib və iki ölkə arasında müdafiə, hüquq mühafizə, terrorizmə qarşı mübarizə, xüsusi əhəmiyyətli infrastrukturun qorunması kimi sahələrdə aidiyyəti qurumların iştirakı ilə sıx əməkdaşlığın mövcudluğu diqqətə çatdırılıb.

Söhbət zamanı o da qeyd olunub ki, iki ölkənin parlamentləri arasında əlaqələr, qanunverici orqanların rəhbərləri səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər və parlamentlərarası işçi qruplarının fəaliyyəti əməkdaşlığımızın vacib tərkib hissəsi olaraq, onun inkişafına töhfə verir. Bildirilib ki, indiyədək iki ölkə arasında 110-dək müxtəlif sənəd imzalanıb və ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi üçün 15 sənəd baxılmaqdadır.

Tərəflər Azərbaycan ilə Gürcüstan arasında beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT və onun ixtisaslaşmış qurumları, ATƏT, Avropa Şurası, QDİƏT, GUAM çərçivəsində mövcud əməkdaşlığın və qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıblar.

Görüşdə, həmçinin təhsil, mədəniyyət, gənclər, səhiyyə, ətraf mühit, turizm, idman sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, birgə turizm marşrutlarının işlənib hazırlanması kimi məsələlər də nəzərdən keçirilib. İki ölkənin dövlət informasiya agentlikləri və KİV nümayəndələrinin qarşılıqlı səfərləri və birgə proqramların hazırlanması məsələsinə də toxunulub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.