CƏMİYYƏT


Azərbaycan ilə Həştərxan vilayəti arasında sosial-iqtisadi, mədəni əlaqələr müzakirə olunub

Bakı, 16 dekabr, AZƏRTAC

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin rəhbərlik etdiyi nümayəndə heyəti Nərimanov Rayon İcra Hakimiyyətində olub.

Rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevlə keçirilən görüşdə ölkələrimiz arasında tarixi köklərə söykənən dostluq münasibətlərindən danışılıb, Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında mövcud sosial-iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsi müzakirə olunub. Həmçinin dövlətimiz tərəfindən Həştərxan şəhərində həyata keçirilmiş və nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyi vurğulanıb, xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində son illər böyük işlərin görüldüyü qeyd edilib. Bildirilib ki, Azərbaycan ilə Rusiya arasında əlaqələr xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyəti dövründə öz inkişafının yeni mərhələsinə qədəm qoyub və bu gün Prezident İlham Əliyev tərəfindən daha yüksək səviyyəyə çatdırılıb.

Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən Həştərxan şəhərində bir sıra sosial layihələr həyata keçirilib. Həştərxanda ulu öndər Heydər Əliyevin xatirəsinə abidə ucaldılıb, Ümummilli Liderin adını daşıyan park yenidən qurulub. Həştərxan şəhərində yerləşən və ümummilli lider Heydər Əliyevin adını daşıyan 11 nömrəli ümumtəhsil məktəbinin binası tamamilə yenidən qurulub, həmin məktəbin nəzdində müasir uşaq bağçası tikilib istifadəyə verilib. Uşaq bağçasının açılışında Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Həmçinin Həştərxan şəhərində “Azərbaycan-Rusiya Dostluq Körpüsü” açılıb, Knyaz Vladimirin abidəsi ucaldılıb, “Meçta” uşaq əyləncə şəhərciyi salınıb və uşaq kafesi istifadəyə verilib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.