CƏMİYYƏT


Azərbaycan ilə İordaniya arasında elm və təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

A+ A

Əmman, 27 iyul, АZƏRTAC

Azərbaycan ilə İordaniya arasında elm və təhsil sahəsində əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb.

Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyovun bu ölkənin ali təhsil və elmi araşdırmalar naziri Vuacih Ouveis ilə görüşündə tərəflərin müvafiq sahədə əməkdaşlığa hazır olduğu bildirilib.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin tarixindən danışan iordaniyalı nazir qeyd edib ki, dövlət başçılarının şəxsi dostluğunun bu əlaqələrin möhkəmlənməsində mühüm rolu var. İkitərəfli siyasi əlaqələrin yüksək səviyyədə olması ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıqda da öz əksini tapıb. Belə ki, ötən illərdə təhsillə bağlı imzalanan saziş və memorandumlar çərçivəsində ölkələrimiz arasında tələbə mübadiləsi həyata keçirilib.

Səfir S.Ağabəyov Azərbaycan tərəfinin hər zaman əməkdaşlığa hazır olduğunu bildirərək, ölkəmizdə təhsilin inkişafına dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini qeyd edib.

Söhbət zamanı regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həmsöhbətinə məlumat verən səfir ölkəmizin ərazisinin 20 faizinin işğalı nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini qeyd edib. O, uzun illərdir davam edən qaçqın, məcburi köçkün probleminin ölkə iqtisadiyyatına vurduğu ziyanı diqqətə çatdırıb.

Аsya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əmman

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.