MƏDƏNİYYƏT
Azərbaycan ilə İordaniya arasında turizm sahəsində əlaqələr müzakirə edilib
Əmman, 26 noyabr, AZƏRTAC
Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov bu ölkənin əmək, turizm və tarixi əsərlər naziri Nidal Murdi Abdullah Katamin ilə görüşüb.
Görüşdə ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin tarixindən danışan iordaniyalı nazir qeyd edib ki, siyasi əlaqələrin yüksək səviyyədə olması turizm sahəsində əməkdaşlığın da inkişafına zəmin yaradır.
Azərbaycan tərəfinin hər zaman əməkdaşlığa hazır olduğunu bildirən səfir ölkəmizdə turizm sahəsinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini diqqətə çatdırıb. Diplomat Azərbaycanın qədim İpək Yolu üzərində yerləşdiyini, hələ qədim dövrlərdən ölkəmizin ərazisindən böyük ticarət karvanlarının keçdiyini və Avropanın “Şərq qapısı” olduğunu bildirib. S.Ağabəyov Azərbaycanda son illər turizm sahəsində mühüm islahatların aparıldığını, viza verilməsi prosesinin təkmilləşdirildiyini, paytaxtda və regionlarda müasir otellərin və turizm obyektlərinin yaradıldığını bildirib.
Səfir 2015-ci ildə keçiriləcək XIV Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisində iştiraka dair dəvət məktubunu nazirə təqdim edib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman