İQTİSADİYYAT
Azərbaycan ilə İran arasında alternativ enerji istehsalı üzrə əməkdaşlıq imkanları müzakirə edilib
Tehran, 17 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri, Azərbaycan-İran hökumətlərarası müştərək iqtisadi komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Tehranda səfərdə olan Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin sədri Akim Bədəlov İranın enerji nazirinin alternativ enerji üzrə müavini Huşəng Fəllahətiyan ilə görüşüb.
A.Bədəlov alternativ enerji sahəsində Azərbaycanda həyata keçirilən işlər haqqında məlumat verərək bildirib ki, rəsmi Bakı bu istiqamətdə İranla əməkdaşlıq etməyə hazırdır. Bu enerji növünün ekoloji cəhətdən təmiz olduğunu vurğulayan A.Bədəlov Azərbaycanın İranın alternativ enerji istehsalı layihələrinə sərmayə qoymaqda maraqlı olduğunu bildirib. İranın bu sahədəki layihələrinə Azərbaycanın sərmayə qoymaq istəyinin müsbət qarşılandığını nəzərə çatdıran H. Fəllahətiyan deyib ki, nazirlik ildə 1000 meqovat alternativ enerji istehsal etmək üçün tədbirlər görür.
Görüşdə əməkdaşlıq əlaqələrinin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran