İQTİSADİYYAT
Azərbaycan ilə İran arasında çəltikçilik sahəsində dövlət-özəl sektor əməkdaşlığı gücləndiriləcək
Bakı, 9 sentyabr, AZƏRTAC
Sentyabrın 9-da Kənd Təsərrüfatı Nazirliyində İran İslam Respublikasının Rəşt şəhərində yerləşən Regional Çəltik Tədqiqatı və Təlim Mərkəzinin (CWARice) direktoru Abbas Şahidinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə çəltikçilikdə dövlət-özəl sektor əməkdaşlığına dövlət dəstəyi məsələləri müzakirə olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə, həmçinin İran tərəfdən çəltikçiliyin mexanikləşdirilməsi və emalı üzrə özəl şirkətlərin rəhbərləri də iştirak ediblər.
Səfər barədə qısa məlumat verən Abbas Şahidi nəzərə çatdırıb ki, əsas məqsəd CWARice-ın Texniki İdarəetmə Komitəsinin 2017-ci ildə Azərbaycanda keçirilməsi, CWARice-la imzalanmış Anlaşma Memorandumunun rəsmiləşdirilməsidir.
Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev çəltikçiliyin Azərbaycan üçün əhəmiyyətli bir sahə olduğunu, ölkəmizdə kənd təsərrüfatına, o cümlədən çəltikçiliyə göstərilən dövlət qayğısı, kənd təsərrüfatı istehsalçılarına tətbiq edilən güzəştlər və ayrılan subsidiyalar barədə geniş məlumat verib.
Nazir müavini CWARice-ın Texniki İdarəetmə Komitəsinin Bakıda keçiriləcək 5-ci toplantısının təşkilinə dəstək veriləcəyini diqqətə çatdırıb. Bildirib ki, çəltikçilikdə dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi nazirliyin diqqətindədir və bu əməkdaşlığın inkişaf etdirilməsinə daim dəstək veriləcək.