SİYASƏT


Azərbaycan ilə İran arasında media sahəsində əlaqələrin inkişafı məsələləri müzakirə olunub

A+ A

Tehran, 5 noyabr, AZƏRTAC

Noyabrın 5-də Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov İRNA informasiya agentliyinin icraçı direktoru Məhəmməd Xodadi ilə görüşüb.

Məhəmməd Xodadi bu il sentyabrın 29-30-da Bakıda keçirilmiş V Beynəlxalq Humanitar Forumda iştirakından məmnunluğunu bildirib. O, Forum çərçivəsində “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu” mövzusunun müzakirə olunmasının əhəmiyyətini qeyd edib. İcraçı direktor Bakıya səfəri çərçivəsində AZƏRTAC-da, Mətbuat Şurasında və “Trend” informasiya agentliyində olduğunu xatırladıb.

Görüşdə M.Xodadi İRNA agentliyi haqqında məlumat verib. O, agentliyin fars dili ilə yanaşı, altı dildə bölməsinin fəaliyyət göstərdiyini söyləyib. Yaxın gələcəkdə daha dörd dildə bölmənin fəaliyyətə başlayacağı diqqətə çatdırılıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışan səfir ölkəmizin aqressiv separatizmin qurbanı olduğunu bildirib. O, Azərbaycanın və İranın müştərək tarix, mədəniyyət və ədəbiyyata malik olduğunu qeyd edib, son illərdə iki ölkə arasında münasibətlərin inkişaf etdiyini vurğulayıb.

Səfir, həmçinin 2016-cı ilin sonunadək Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin təkmilləşdirilməsi istiqamətində Astara (Azərbaycan)–Astara (İran) dəmir yolu xətti, körpüsü və yükdaşıma terminalının tikintisinin yekunlaşdırılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. Diplomat Qəzvin-Rəşt dəmir yolu xəttinin tikintisinin böyük hissəsinin yekunlaşdığını, 164 kilometrlik Rəşt-Astara (İran) dəmir yolunun inşasının maliyyələşdirilməsi üzrə danışıqların davam etdirildiyini bildirib.

B.Hüseynov iki ölkənin aparıcı informasiya agentlikləri arasında əlaqələrin möhkəmlənməsinin xüsusi əhəmiyyət daşıdığını söyləyib. Müasir dünyada mətbuatın mühüm rola malik olduğunu vurğulayan diplomat hər iki ölkənin kütləvi informasiya vasitələrinin xalqlar arasında dostluğun daha da möhkəmləndirilməsinə xidmət etməsinin zəruriliyini bildirib.

Görüşdə Azərbaycanla İran arasında mətbuat sahəsində əlaqələrin inkişafı, medianın transformasiyası, mobil cihazların və sosial medianın informasiyanın əldə edilməsində və yayılmasında rolu, həmçinin birgə fotosərgilərin, təlim kurslarının təşkili imkanları müzakirə olunub.

Səfir İRNA agentliyinin fəaliyyəti ilə yaxından tanış olub.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.