İQTİSADİYYAT


Azərbaycan ilə İran arasında ticarət dövriyyəsinin həcmi 65 faiz artıb

A+ A

Bakı, 4 oktyabr, AZƏRTAC

Bu ilin yanvar-avqust aylarında Azərbaycan ilə İran arasında ticarət dövriyyəsinin həcmi 65 faiz artıb. Azərbaycan iqtisadiyyatına maraq göstərən İran şirkətlərinin sayı çoxalıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə oktyabrın 4-də iqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin ölkəmizdə səfərdə olan İran İslam Respublikasının daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə məlumat verilib.

Görüşdə nazir Şahin Mustafayev Azərbaycan və İran dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin, xüsusilə son üç ildə bu görüş və səfərlərin intensivləşməsinin ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulayıb. İqtisadi sahədə Azərbaycan-İran əlaqələrinin mövcud vəziyyəti və əməkdaşlıq perspektivlərindən danışan Şahin Mustafayev qeyd edib ki, bu ilin yanvar-avqust aylarında ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 65 faiz artıb, Azərbaycan iqtisadiyyatına maraq göstərən İran şirkətlərinin sayı çoxalıb. Bildirilib ki, enerji, nəqliyyat, kənd təsərrüfatı və səhiyyə sahələrində əlaqələrimiz uğurla davam etdirilir, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi, ölkəmizdə İran tərəfindən dərman istehsalı zavodunun tikintisi layihəsi üzrə işlər görülür, ölkəmizə gələn iranlı turistlərin sayı artır. Neftçala Sənaye Məhəlləsində Azərbaycan-İran birgə layihəsi olan avtomobil zavodunun təməlinin qoyulduğunu qeyd edən nazir Şahin Mustafayev İran şirkətlərini, xüsusilə də Şərqi Azərbaycan və Gilan vilayətlərindən olan iş adamlarını sənaye parkları və məhəllələrində yaradılmış əlverişli imkanlardan yararlanmağa dəvət edib. Diqqətə çatdırılıb ki, Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisi ilə bağlı oktyabr ayında Azərbaycan nümayəndə heyəti İrana səfər edəcək.

İran İslam Respublikasının daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdiyini, Azərbaycan-İran əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb. Dünyadakı neqativ iqtisadi proseslər fonunda ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin artmasının əhəmiyyətini qeyd edən nazir Əbdülrza Rəhmani Fəzli turizm, İKT, maliyyə, nəqliyyat və s. sahələrdə əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.