SİYASƏT
Azərbaycan ilə İran bütün sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlıq etmək əzmindədir
Tehran, 21 fevral, AZƏRTAC
Azərbaycan və İran prezidentləri son iki ildə 7 dəfə görüşərək çox səmərəli müzakirələr aparıblar. Bu görüşlərin nəticəsində də iki ölkə arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir.
Bu fikri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhəm Qasemi deyib.
B.Qasemi bildirib ki, Azərbaycan İranın yaxın qonşularından biridir. Ölkələrimiz arasında çox dərin və möhkəm əlaqələr var. Bu münasibətlərin inkişafı üçün böyük potensial mövcuddur. Ölkələrimizin rəhbərlərinin siyasi iradəsi bütün sahələr üzrə yaxşı əlaqələrin inkişafını şərtləndirir. Münasibətlərimiz qarşılıqlı etimada əsaslanır.
İranın ədliyyə naziri Mustafa Purməhəmmədinin Azərbaycana etdiyi səfəri xatırladan XİN nümayəndəsi diqqətə çatdırıb ki, rəsmi Bakı ilə Tehran arasındakı əlaqələr yalnız iqtisadi sahə ilə məhdudlaşmır. Azərbaycan ilə İran bütün sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlıq etmək əzmindədir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran