SİYASƏT
Azərbaycan ilə İranı bir-birinə birləşdirən bağlar dərin köklərə malikdir
Poldəşt, 24 noyabr, Ülviyyə Məmmədli, AZƏRTAC
Azərbaycan ilə İranı bir-birinə birləşdirən bağlar dərin köklərə malikdir. Hər iki ölkənin mədəniyyət, tarix baxımından böyük oxşarlıqları var və bu, xalqlarımızın həmrəyliyi üçün zəmin yaradır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Poldəşt şəhərinin başçısı Əkbər Abdullahnejad İranda səfərdə olan azərbaycanlı jurnalistlərlə görüşündə səsləndirib.
Ə.Abdullahnejad bildirib ki, Azərbaycan İran üçün yaxşı qonşu ölkədir. Bundan əvvəl də yaxşı olan əlaqələrimizin gələcəkdə daha da dərinləşməsi üçün bir sıra amillər var. Bunlardan biri də hər iki ölkənin xalqlarını bir-birinə bağlayan mədəni və ictimai tellərdir.
Qeyd edilib ki, İranın xarici siyasətində müsəlman ölkələri, xüsusilə də qonşu dövlətlərlə əlaqələrin inkişaf etdirilməsi prioritetdir. Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərləri iki ölkə arasında siyasi, iqtisadi, ticari və turizm sahələrində əlaqələrin daha da inkişaf etdirilməsinə şərait yaradıb. Heç bir qüvvə iki qardaş ölkə arasındakı münasibətlərə xələl gətirə bilməz.