CƏMİYYƏT
Azərbaycan ilə İranın din sahəsində əməkdaşlığı radikal cərəyanların yayılmasının qarşısının alınmasında əhəmiyyətli rol oynaya bilər
Tehran, 4 may, AZƏRTAC
İran İslam Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mayın 3-də bu dövlətin Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri İbrahim Türkman ilə görüşüb.
Dəvətə görə təşəkkürünü bildirən M.Qurbanlı dedi ki, Azərbaycan və İran xalqları eyni tarixi köklərə və adət-ənənəyə malikdirlər. Ölkələrimizin prezidentləri arasında yaxın dostluq münasibətləri mövcuddur. Azərbaycan Prezidenti xarici siyasətdə İranla əlaqələrin genişləndirilməsinə xüsusi önəm verir. Tarixən qonşu olan Azərbaycan və İran arasında əlaqələr məhz prezidentlərin siyasi iradəsinin nəticəsində yüksələn xətlə inkişaf edir. Artıq iqtisadi, siyasi, ticarət, mədəniyyət sahələrində uğurlu əməkdaşlıq mövcuddur. Bunlarla yanaşı, hər iki xalqın eyni dinə mənsub olması bu sahədə də əlaqələrin inkişaf etdirilməsi zərurətini meydana gətirib. Bu baxımdan din xadimlərinin və müvafiq dövlət qurumları nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və mövcud problemlərin müzakirə edilərək aradan qaldırılması hər iki dövlətin maraqlarına uyğundur.
Komitə sədri qeyd etdi ki, rəsmi Tehran və Bakı beynəlxalq təşkilatlar çərçivəsində yaxın əməkdaşlıq edirlər. İslam Əməkdaşlıq Təşkilatının bütün tədbirlərində Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağın azad edilməsi məsələsini gündəliyə gətirərkən İranın dəstəyini hiss edib. Azərbaycan Prezidenti də birmənalı şəkildə bəyan edib ki, rəsmi Bakı heç bir zaman öz ərazisindən İrana qarşı istifadə olunmasına yol verməyəcək.
Qeyd olundu ki, son vaxtlar dünyanın bəzi regionlarında islamofobiya halları artmışdır. Bəzi qüvvələr İslam dinini olduğu kimi yox, ayrı-seçkiliyi təbliğ edən bir din kimi qələmə verib öz maraqlarını güdürlər. Yaxın Şərqdə baş verən münaqişələr və siyasi proseslər ciddi narahatlıq doğurur. İslam adından istifadə edən radikal qruplaşmalar böyük qüvvələrin əlində oyuncağa çevrilərək əhaliyə zülm edirlər. Bu cür halların ölkələrimizə yayılmaması üçün qarşılıqlı fəaliyyət göstərmək zəruridir.
M.Qurbanlı diqqətə çatdırdı ki, hər iki ölkənin din xadimləri ilə yanaşı, dövlət qurumları da İslamın düzgün təbliğatını aparmalı və gənclərin yanlış yola uymasının qarşısını almalıdırlar. Bu istiqamətdə Azərbaycanda həyata keçirilən işlər haqqında məlumat verən komitə sədri bildirdi ki, Azərbaycan dövləti yeni məscidlər inşa edir, köhnə məscidləri bərpa edərək din xadimlərinin istifadəsinə verir, onların ibadəti üçün geniş imkanlar yaradır. İslam insanları düzgün əxlaqa, saf həyat tərzinə dəvət edən bir dindir. Ona görə də bu dinin radikal cərəyanlar tərəfindən təhrif olunmuş şəkildə gənclərə çatdırılmasının qarşısı birgə əməkdaşlıqla alınmalıdır.
Dəvətini qəbul edib İrana səfər etdiyinə görə M.Qurbanlıya təşəkkürünü bildirən İbrahim Türkman dedi ki, İran hər zaman radikal dini qruplaşmalarla mübarizə aparır və bu halların ölkədə yayılmasının qarşısını qətiyyətlə alır.
Bakıya səfərini xatırlayan İ.Türkman Azərbaycanın inkişafının İranı sevindirdiyini diqqətə çatdırdı. O dedi: “Eyni dinə mənsub olan xalqların daha sıx əlaqələrini təmin etmək lazımdır ki, inanclara xələl gətirilməsinin qarşısı alınsın. İran Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır, ona hörmətlə yanaşır. Bəzi qüvvələr iki qardaş dövlətin münasibətlərinə ziyan vurmağa çalışırlar. Odur ki, biz qarşılıqlı faydalı əməkdaşlıqla bu qüvvələrin istəklərinin həyata keçməsinə imkan verməməliyik”.
Görüşdə dini təhsil sahəsində əməkdaşlıq, regiondakı siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.
Görüşdə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov da iştirak edirdi.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran