SİYASƏT


Azərbaycan ilə İsveçrə arasında əməkdaşlığın dərinləşdirilməsi üçün geniş potensial mövcuddur

A+ A

Bakı, 10 oktyabr, AZƏRTAC

İsveçrə Konfederasiyasında rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin Federal Assambleyasının yuxarı palatası olan Kantonlar Şurasının sədri Rafael Kont ilə görüşüb.

XİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Azərbaycan-İsveçrə ikitərəfli əlaqələrinin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib və iki ölkənin parlamentləri arasında mövcud əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirib. Hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərdiyini vurğulayan nazir parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərimizin dərinləşməsinə xüsusi töhfə verdiyini diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir həmsöhbətini münaqişənin həlli ilə bağlı hazırkı durum barədə məlumatlandırıb. O, Azərbaycanın mövqeyini bir daha təkrarlayıb. Qeyd edib ki, münaqişə ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun həll edilməlidir.

Daha sonra iqtisadi sahədə əlaqələrə toxunan Elmar Məmmədyarov 70-dən artıq İsveçrə şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini məmnuniyyətlə qeyd edib, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş potensialın mövcudluğunu diqqətə çatdırıb. O, Azərbaycanda köklü iqtisadi islahatların aparıldığını və sərmayə qoyuluşu üçün cəlbedici imkanların olduğunu bildirib, İsveçrə şirkətlərini daha da fəal şəkildə Azərbaycanda qeyri-neft sektoruna sərmayə qoyuluşuna dəvət edib. Nazir Azərbaycanda mühüm nəqliyyat infrastruktur layihələrinin həyata keçirildiyini və İsveçrə şirkətlərinin də buna maraq göstərəcəyinə inandığını deyib. Bu xüsusda, “Ştadler Reyl” şirkəti ilə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti arasında mövcud olan əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov federal müşavir Didye Burkhalter ilə “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Saziş imzaladığını qeyd edərək bunun ölkələrimiz arasında insanlararası təmasların artmasına ciddi təkan verəcəyinə əminliyini ifadə edib.

Görüşdə, həmçinin beynəlxalq təşkilatların parlament ölçüləri çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran regional məsələlər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.