İQTİSADİYYAT
Azərbaycan ilə İtaliya arasında kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafı üçün geniş potensial var
Roma, 25 noyabr, AZƏRTAC
Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov İtaliyanın ANSA və AGİ xəbər agentliklərinə verdiyi müsahibəsində ölkəmizdə kənd təsərrüfatı sektorunun hazırkı durumundan danışıb. Bildirib ki, görülən məqsədyönlü işlər nəticəsində Azərbaycanda əhalinin keyfiyyətli qida məhsullarına tələbatının ödənilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində irəliləyişlər müşahidə olunur.
Azərbaycanda kənd təsərrüfatı sahəsinin sürətlə inkişaf etdiyini bildirən nazir diqqətə çatdırıb ki, xarici investorlar ölkəmizdə müvafiq sektora böyük maraq göstərirlər. Azərbaycanda enerji sahəsinin inkişafı ilə yanaşı, qeyri-neft sektorunun tərəqqisi hökumət üçün prioritet istiqamətdir. O deyib: “Azərbaycan hökumətinin qarşısında duran əsas məsələlərdən biri də əhalinin ərzaq təminatının daxili imkanlar hesabına ödənilməsi göstəricisini 90 faizə çatdırmaqdır. Bu istiqamətdə görülən işlər bütün əsas məhsulları əhatə edəcək”.
Azərbaycan ilə İtaliya arasında kənd təsərrüfatı sahəsində əlaqələrin inkişaf perspektivlərindən danışan H.Əsədov qeyd edib ki, “Milan Expo 2015” sərgisi vasitəsilə ölkəmiz müvafiq sektorda potensialını nümayiş etdirmək imkanı qazanacaq. Azərbaycanda italiyalı investorların maraq göstərəcəyi mühüm fəaliyyət dairələri mövcuddur. Digər sektorlarda olduğu kimi, kənd təsərrüfatı sahəsində də İtaliya ilə əlaqələrimizi inkişaf etdirmək üçün geniş potensial var.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri,
Roma