ELM VƏ TƏHSİL


Azərbaycan ilə Koreya arasında elmi–tədqiqat işləri uğurla davam etdirilir

Bakı, 20 aprel, AZƏRTAC

Müvafiq proqrama uyğun olaraq şorlaşmış torpaqların məsafədən tədqiqi istiqamətində Azərbaycan ilə Koreya arasında elmi–tədqiqat işləri davam etdirilir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutundan AZƏRTAC-a bildiriblər ki, ikitərəfli əməkdaşlıq çərçivəsində müvafiq elmi-tədqiqat işlərinin gedişi ilə tanış olmaq məqsədilə Koreya Respublikası Seul Milli Universitetinin professoru Hee-Myong Ro, doktor Junho Han və araşdırma mühəndisi Nam Young Jun bu institutda olublar.

Görüşdə iki ölkə arasında torpaqşünaslıq sahəsində əməkdaşlığın əhəmiyyəti və görüləcək işlərin vacibliyi, həmçinin koreyalı alimlərlə əməkdaşlığın yaradılmasında Seul-Bakı Mədəniyyət Mübadiləsi Assosiasiyasının (SEBA) böyük rolunun olduğu qeyd edilib. Sonra müvafiq layihə çərçivəsində Torpaqşünaslıq və Aqrokimya İnstitutuna Seul Milli Universiteti tərəfindən alınmış “Termo” (İCP-OES) cihazının quraşdırılması ilə bağlı müzakirə aparılıb.

İnstitutun maddi-texniki bazası ilə tanış olan koreyalı alimlər bildiriblər ki, şorlaşmış torpaqların monitorinqini reallaşdırmaq məqsədi ilə birgə elmi-texniki tədqiqat işlərinin aparılması xüsusi əhəmiyyət kəsb edir.

Qonaqların Azərbaycanda şorlaşmış torpaqların vəziyyətini yerində öyrənmək məqsədi ilə pambıqçılığın inkişafında mühüm yer tutan Muğan düzünə, Saatlı və Sabirabad rayonlarına səfərləri nəzərdə tutulur.

Xatırladaq ki, 2016-cı ildə Torpaqşünaslıq və Aqrokimya İnstitutu və Seul Milli Universiteti arasında torpaqşünaslıq, ekologiya, aqrokimya və torpaqların meliorasiyası, rekultivasiyası və mühafizəsi elmlərinin qarşılıqlı maraq doğuran sahələrində birgə elmi-tədqiqat işlərinin aparılması barədə müqavilə imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.