SİYASƏT


Azərbaycan ilə Latviya regionlararası əməkdaşlığı inkişaf etdirirlər

Riqa, 10 iyul, AZƏRTAC

Azərbaycan Milli Məclisinin deputatı Cavid Osmanov, Ağdaş İcra Hakimiyyəti başçısının müavini Əli Kərimov, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov, Ağdaş şəhər bələdiyyəsinin sədri Qalib Qarayev Latviyanın Rezekne diyarının özünüidarəetmə orqanı başçısının dəvəti ilə bu ölkədə səfərdədirlər.

Azərbaycan nümayəndə heyəti Rezekne diyarında yerli dumanın sədri Monvits Şvartsla və özünüidarəetmə orqanı şöbələrinin rəhbərləri ilə görüşüb.

Görüşdə ikitərəfli regionlararası münasibətlərin inkişafı məsələləri müzakirə edilib. M.Şvartsın fikrincə, bu münasibətlər bir çox istiqamətlərdə Latviya-Azərbaycan əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək.

Azərbaycan ilə Latviyanın yerli və regional hakimiyyət orqanları arasında əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirən Milli Məclisin deputatı Cavid Osmanov regional əməkdaşlığın səmərəli inkişafında ikitərəfli əlaqələrin böyük əhəmiyyətini vurğulayıb.

Ağdaş İcra Hakimiyyəti başçısının müavini Əli Kərimov Azərbaycanda yerli özünüidarəetmə orqanlarının inkişafı sahəsində görülən səmərəli tədbirlərdən danışıb.

Görüşlərin yekunlarına əsasən, Azərbaycanın Ağdaş rayonu və Latviyanın Rezekne diyarı arasında təhsil, sahibkarlıq, mədəniyyət, idman, kadrların hazırlanması sahələrində qarşılıqlı fəaliyyətə dair konkret tədbirlərin görülməsini və addımların atılmasını nəzərdə tutan əməkdaşlıq haqqında saziş imzalanıb.

Diyar dumasının sədri Monvits Şvarts deyib ki, sazişin imzalanması dostluq və əməkdaşlığın təməli olacaq, bölgələr arasında təcrübə mübadiləsini fəallaşdıracaq və uğurlu sahibkarlıq layihələrinin həyata keçirilməsinə, mədəni və gənclər mübadilələrinin inkişafına kömək edəcək.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Rezekne bələdiyyəsinin fəaliyyəti, regionun işgüzar və turizm imkanları ilə tanış olacaq, Kaunata nahiyəsinə, Malta orta məktəbinə və gitara istehsal edən emalatxanaya gedəcək.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.