MƏDƏNİYYƏT
Azərbaycan ilə Livan arasında turizm sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
Bakı, 6 fevral, AZƏRTAC
Livanın turizm naziri Mişel Faraonun Azərbaycanın bu ölkədəki səfiri Ağasəlim Şükürovla görüşündə turizm sahəsində ikitərəfli əməkdaşlıqla bağlı müzakirələr aparılıb.
Azərbaycanın Livandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə səfir nazirə ölkəmizin tarixi barədə ətraflı məlumat verib. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə aparılan uğurlu islahatlar nəticəsində Azərbaycan qısa müddətdə bir çox tarixi nailiyyətlərə imza atıb, regionda lider dövlətə çevrilib. Diplomat, həmçinin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə və xaricdə həyata keçirilən xeyriyyə tədbirləri, onun respublikamızın dünyada tanıdılması istiqamətində gördüyü işlər, mədəniyyət, idman, elm, təhsil, səhiyyənin inkişafına göstərdiyi diqqət barədə məlumat verib.
Nazir M.Faraon Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətləri barədə məlumatlı olduğunu bildirib.
Söhbət əsnasında füsunkar təbiəti, zəngin tarixi-mədəni abidələri ilə seçilən Azərbaycanın böyük turizm potensialına malik olduğu vurğulanıb. Müstəqillik illərində digər sahələrlə yanaşı, turizm sahəsinə də böyük investisiyaların qoyulması nəticəsində müasir otellərin, istirahət mərkəzlərinin, beynəlxalq standartlara cavab verən yay-qış turizm mərkəzləri və sağlamlıq komplekslərinin tikilərək istifadəyə verildiyi diqqətə çatdırılıb. Azərbaycanın Livanla bütün sahələrdə, o cümlədən turizm sahəsində əlaqələrin qurulmasında maraqlı olduğu qeyd edilib. Bu istiqamətdə qarşılıqlı səfər mübadilələrinin, ölkələrimizdə təşkil olunan tədbirlərdə iştirakın əhəmiyyəti vurğulanıb.
M.Faraon martın 10-11-də Azərbaycanda keçiriləcək “Çoxqütblü dünyaya doğru” IV Qlobal Bakı Forumunda iştiraka dəvət aldığını bildirib. O, həmin tədbirdə iştirak etmək niyyətində olduğunu deyib və fürsətdən istifadə edərək Azərbaycanla işgüzar əlaqələr qurmaq, ölkənin turizm sahəsində potensialını öyrənmək məqsədilə bir neçə livanlı iş adamını da Bakıya aparacağını qeyd edib.