SİYASƏT


Azərbaycan ilə Lixtenşteyn arasında dialoq uğurla davam etdirilir VİDEO

A+ A

Vadus, 11 oktyabr, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığına rəsmi səfəri çərçivəsində oktyabrın 11-də Lixtenşteyn parlamentinin sədri Albert Frik ilə görüşüb.

Ötən il Azərbaycanda rəsmi səfərdə olduğunu və bu səfər zamanı faydalı görüşlər keçirdiyini diqqətə çatdıran parlament sədri Azərbaycanın dinamik inkişafı və ölkədə aparılan quruculuq işlərinin onda xoş təəssürat yaratdığını bildirib. Birinci Avropa Oyunlarının bağlanış mərasimi münasibətilə Bakıya səfərini məmnunluqla qeyd edən A.Frik Azərbaycanda idmana və gənclərə göstərilən dövlət qayğısını yüksək qiymətləndirib. O, həmçinin Milli Məclisin sədri Oqtay Əsədovla Strasburq şəhərində görüşünü, iki ölkənin parlamentləri arasında səmərəli əməkdaşlığın qurulduğunu ifadə edib. Parlament sədri qarşılıqlı səfərlərin ölkələrimiz arasında münasibətlərin bundan sonra da dərinləşəcəyinə töhfə verəcəyini bildirib.

2015-ci ildə Lixtenşteyn parlamentinin sədri Albert Frikin Azərbaycana rəsmi səfəri ilə ikitərəfli münasibətlərdə yeni bir mərhələnin başlandığını qeyd edən nazir E.Məmmədyarov iki ölkə arasında qurulmuş dialoqun uğurla davam etdirildiyini deyib.

Görüşdə Azərbaycanda aparılan iqtisadi islahatlar barədə məlumat verilib, ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün geniş potensialın mövcud olması, Lixtenşteyn şirkətlərinin Azərbaycanda işgüzar fəaliyyəti üçün hər cür şəraitin yaradıldığı vurğulanıb. Hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanları barəsində fikir mübadiləsi aparılıb.

Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması üçün aparılan danışıqların hazırkı vəziyyəti ilə bağlı parlament sədri A.Frikə məlumat verib. O, Azərbaycanın mövqeyini bir daha təkrarlayıb və qeyd edib ki, münaqişə ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun həll edilməlidir.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Vadus

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.