SİYASƏT
Azərbaycan ilə Macarıstan arasında humanitar əməkdaşlıq məsələləri müzakirə olunub
Budapeşt, 23 fevral, AZƏRTAC
Azərbaycanın Macarıstandakı səfirliyinin Xocalı faciəsinin ildönümü ilə əlaqədar tərtib etdiyi tədbirlər planı çərçivəsində Dyor şəhərində fəaliyyət göstərən Seçeni İştvan Universitetində anım tədbirı təşkil edilib. Tədbirdə iştirak etmək məqsədilə səfir Vilayət Quliyev Dyor şəhərində səfərdə olub.
Səfər çərçivəsində V.Quliyev universitetin rektoru professor Peter Földeşi ilə görüşüb. Rektor rəhbərlik etdiyi təhsil ocağı və burada təhsil alan azərbaycanlı tələbələr barədə ətraflı məlumat verib. O bildirib ki, dünya miqyaslı “AUDİ” avtomobil şirkətinin ən böyük müəssisələrindən biri Dyor şəhərində yerləşir və həmin müəssisənin yüksəkixtisaslı kadrları bu universitetdə mühazirələr oxuyur. Universitetin məzunları isə təhsillərini başa vurduqdan sonra rahatlıqla “AUDİ” şirkətində çalışa bilirlər.
Rektor tədris ocağında azərbaycanlı tələbələrin də təhsil aldığını və onların ümumi statistikaya əsasən dərs yükünün öhdəsindən bacarıqla gəldiklərini, universitetin mədəni həyatında fəal iştirak edərək, ölkələrini layiqincə təmsil etdiklərini məmnunluqla qeyd edib. Həmçinin universitetin fakültə və proqramlarına dair məlumat təqdim edilərək 13 azərbaycanlı tələbənin bu universiteti seçdiyi məmnunluqla qeyd olunub.
Səfir, öz növbəsində, iki ölkə arasında humanitar əməkdaşlıq məsələlərindən söz açaraq, yüksək səviyyəli strateji tərəfdaşlıq münasibətlərinin digər sahələrə də sirayət etdiyini, xüsusilə də son illər elm və təhsil sahəsində əlaqələrin dərinləşməsi istiqamətində səmərəli iş aparıldığını qeyd edib. Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında imzalanmış iş proqramları çərçivəsində hər il 200-dək azərbaycanlı gəncin bu ölkənin ali məktəblərində təhsil almağa göndərilməsinin bunun göstəricisi olduğunu vurğulayan səfir artıq özünü doğrultmuş bu əməkdaşlığın növbəti illərdə də uğurla davam etdiriləcəyinə ümidvar olduğunu söyləyib.
Görüşdə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinə diqqət çəkilərək, ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı etnik təmizləmə, terror və soyqırımı aktları törətdiyi və Ermənistan dövlətinin hələ də bu əməllərindən əl çəkmədiyi vurğulanıb. Bu dövlətin silahlı birləşmələri tərəfindən 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərinin sakinlərinə qarşı soyqırımı törədildiyi və dinc əhalinin vəhşicəsinə qətlə yetirildiyi qeyd olunaraq, dünya ictimaiyyətinin ermənilərin bu əməllərinə hüquqi qiymət verməli olduğu bildirilib.
Daha sonra V.Quliyev azərbaycanlı tələbələrlə görüşərək, onların təhsili və yataqxana şəraiti ilə maraqlanıb. O, tələbələri ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, adət-ənənələri və milli mətbəxinin təbliği istiqamətində fəal olmağa çağırıb.
Səfir tələbələrə cari ildə Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan Ordusunun və Azərbaycan parlamentinin 100 illik yubileyinin qeyd ediləcəyini xatırladaraq bu məqsədlə səfirlik tərəfindən təşkil ediləcək tədbirlərdə onların yaxından iştirakını, habelə özlərinin yaşadıqları şəhərdə və təhsil aldıqları universitetdə tədbirlər təşkil etməsini tövsiyə edib.
Diplomat Macarıstanın yerli televiziya kanalına müsahibə verib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt