İQTİSADİYYAT
Azərbaycan ilə Macarıstan arasında kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə olunub
Bakı, 11 fevral, AZƏRTAC
Fevralın 11-də Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Macarıstanın xarici işlər və ticarət nazirinin müavini Jolt Çutoranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Macarıstanın Kapoşvar Universiteti, eləcə də ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Heydər Əsədov Macarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu və görüşün kənd təsərrüfatı sahəsində də əlaqələrin genişlənməsinə təkan verəcəyini qeyd edib.
Nazir Azərbaycanda kənd təsərrüfatında, xüsusilə də aqrar təhsil sahəsində aparılan islahatlar, Azərbaycan Dövlət Aqrar Universitetinin maddi-texniki bazasının gücləndirilməsi, kadr hazırlığı, laboratoriyaların müasir avadanlıqlarla təchizatı, tələbələrin bu sahəyə marağının artırılması üçün stimullaşdırıcı tədbirlərin görülməsi, yeni müasir yataqxanaların inşası, tələbələrin xarici ölkələrdə təcrübə keçməsi barədə geniş məlumat verib.
Heydər Əsədov Azərbaycanda macar iş adamları üçün əlverişli investisiya mühitinin olduğunu nəzərə çatdıraraq, fitosanitar sahəsində hazırlanmış niyyət protokolunun imzalanmasının vacibliyini bildirib, ADAU ilə Macarıstanın Kapoşvar Universiteti arasında aqrar sahədə tələbə mübadiləsinin aparılmasını məqsədəuyğun hesab edib.
Jolt Çutora azərbaycanlı tələbələrin Macarıstanın aqrar universitetlərində təhsil alması və bu barədə müvafiq sənədlərin müzakirə olunub imzalanması üçün lazımi dəstək verəcəyini diqqətə çatdırıb.
Macarıstanın ölkəmizdəki səfiri İmre Laslotski iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin daha da genişlənməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.