SİYASƏT
Azərbaycan ilə Macarıstan arasında qarşılıqlı faydalı əməkdaşlıq yüksək səviyyədədir
Bakı, 28 iyun, AZƏRTAC
İyunun 28-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Macarıstanın xarici işlər və ticarət naziri, Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının həmsədri Peter Siyartonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanla Macarıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyədə olduğunu deyən Baş nazir Artur Rasizadə bütün beynəlxalq tədbirlərdə Macarıstan dövlətinin hər zaman Azərbaycanın yanında olduğunu, onun haqq işini daim dəstəklədiyini minnətdarlıqla vurğulayıb. Hər iki dost ölkənin əməkdaşlığı üçün böyük perspektivlərin olduğunu nəzərə çatdıran Baş nazir Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasında əsasən qeyri-neft sektorunda işbirliyinin yaradılmasına, mədəniyyət, turizm, ticarət, nəqliyyat, aqrar sektor, əczaçılıq və s. sahələrə xüsusi diqqət yetirməyin səmərəli olacağını bildirib.
Peter Siyarto onunla birgə Bakıya gələn macarıstanlı iş adamlarından ibarət böyük nümayəndə heyəti adından müstəqil Azərbaycan dövlətinin sürətli inkişafını bilavasitə müşahidə etməkdən məmnun olduqlarını ifadə edib. O, daha sonra hökumətlərarası komissiyanın ötən iclasından sonrakı dövr ərzində görülən işlər və növbəti iclasda qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi üçün nəzərdə tutulan müştərək layihələr barədə Baş nazirə məlumat verib.
Görüşdə tərəflər regional və beynəlxalq əlaqələrin daha da möhkəmləndirilməsi, bölgədə sülhün, sabitliyin qorunub saxlanması, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi və bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.