İQTİSADİYYAT


Azərbaycan ilə Malayziya arasında enerji sektorunda əməkdaşlıqla bağlı müzakirələr aparılıb

A+ A

Bakı, 27 iyul, AZƏRTAC

Energetika Nazirliyində Malayziyanın ölkəmizdəki səfiri Dato Roslan Tan Sri Abdul Rahmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda əməkdaşlıqla bağlı müzakirələr aparılıb.

Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Malayziyanın “Petronas” milli neft şirkətinin Azərbaycan üzrə yeni təyin olunmuş rəhbəri Hanafi Talib təqdim edilib.

“Petronas” şirkətinin mühüm layihələrdə fəal iştirakını yüksək qiymətləndirən energetika naziri Natiq Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “Petronas” arasında sıx əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin hər iki ölkə üçün əhəmiyyətini qeyd edib. O, dünya bazarında neftin qiymətinin bir neçə dəfə düşməsinə baxmayaraq, ölkədə neft-qaz layihələrinin uğurla icra edildiyini, bütün beynəlxalq öhdəliklərin yerinə yetirildiyini və əlverişli investisiya mühitinin olduğunu diqqətə çatdırıb.

“Petronas” şirkətinin Xəzər dənizinin Azərbaycan sektorundakı fəaliyyətinə toxunan nazir əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu deyib. O, Malayziyanı uğurlu tərəfdaşlıq əlaqələrinə görə Azərbaycanın ən yaxşı dostlarından biri kimi səciyyələndirərək “Petronas”ın yeni rəhbərinə gələcək fəaliyyətində lazımi köməyin göstəriləcəyini bildirib.

Səfir Dato Roslan Tan Sri Abdul Rahman isə SOCAR və “Petronas” şirkətləri arasında imzalanmış Anlaşma Memorandumunun enerji əməkdaşlığında yeni səhifə açdığını xatırladaraq “Şahdəniz-2” layihəsində birgə fəaliyyəti uğurlu işbirliyi kimi qiymətləndirib. Diplomat regionda Azərbaycanın iştirakı ilə enerji əməkdaşlığı formatının genişləndiyini əsas gətirərək, “Petronas”ın cəlb edilə biləcəyi istiqamətlərlə də maraqlanıb. Görüşdə, həmçinin Türkmənistan qazının Avropa bazarlarına çıxarılması və Transxəzər kəmərinin reallaşması imkanları da müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.