SİYASƏT
Azərbaycan ilə Meksika arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov Meksika Birləşmiş Ştatları Xarici İşlər Nazirliyinin Avropa Baş idarəsinin baş direktoru Fransisko del Rio ilə görüşüb və ölkələrimiz arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, X.Xələfov ölkəmizin Meksika ilə əlaqələrinin inkişafına xüsusi önəm verdiyini, buna misal olaraq Azərbaycanın Latın Amerikasında ilk səfirliyinin Mexiko şəhərində açıldığını diqqətə çatdırıb.
İki ölkə arasında münasibətlərin inkişafından məmnun olduğunu bildirən nazir müavini Meksikanın Azərbaycanda səfirlik açmasını yüksək qiymətləndirib. X.Xələfov xarici işlər naziri Elmar Məmmədyarovun Meksikaya səfərini xatırladaraq, yüksəksəviyyəli qarşılıqlı səfərlərin ölkələrimiz arasında iqtisadi və siyasi münasibətlərin inkişafına müsbət təsir edəcəyini, bu xüsusda Fransisko del Rionun bu səfərinin əməkdaşlığa töhfə verəcəyinə əminlik ifadə edib.
X.Xələfov ölkəmizin Meksika ilə bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb, bu ölkənin qanunverici orqanı tərəfindən qəbul edilmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar və Xocalı soyqırımını qınayan qətnamələrə görə Meksika tərəfinə təşəkkür bildirib. Nazir müavini ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün bu sahədəki təşəbbüs, layihə və ideyaları əlaqələndirəcək mexanizmlərin müəyyənləşdirilməsini təklif edib. X.Xələfov, həmçinin ölkəmizin iqtisadi qurumlarında görüşlərin keçirilməsinin arzuedilən olduğunu, iki ölkə arasında ticarət dövriyyəsinin həcminin artırılması üçün mövcud potensialdan səmərəli istifadə edilməsinin vacibliyini vurğulayıb.
Baş direktor Fransisko del Rio ölkəsinin Azərbaycanı beynəlxalq səviyyədə vacib ölkə kimi qəbul etdiyini bildirib. Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, habelə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri layihələrinin həyata keçirilməsində rolunu yüksək qiymətləndirən meksikalı diplomat görüşdə səsləndirilən təklifləri müsbət qarşılayıb. O, bu barədə Meksikanın müvafiq qurumlarına məlumat verəcəyini deyib.
Parlamentlərarası əlaqələri diplomatiyanın vacib tərkib hissəsi adlandıran baş direktor, 2016-cı il sentyabrın 20-də Meksika parlamentində Azərbaycan ilə dostluq qrupunun yaradılması barədə də məlumat verib. O, bu ilin noyabrında bir qrup azərbaycanlı iş adamının Meksikaya səfər edəcəyini və bu qəbildən olan qarşılıqlı səfərlərin iki ölkə arasında ticarət dövriyyəsini artıracağına ümidvar olduğunu deyib.
Görüşdə hər iki ölkənin enerji sahəsində böyük təcrübəsini nəzərə alaraq, bu sahədə təcrübə mübadiləsinin aparılması, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi yolları ətrafında müzakirə aparılıb. X.Xələfov Azərbaycanın Meksikada, Meksikanın isə Azərbaycanda tanıdılması və təbliğ edilməsi üçün ölkələrimizin kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verən X.Xələfov, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını ölkəmizin ən böyük problemi olduğunu qeyd edib. O, münaqişənin yalnız ölkəmizin suverenliyi və ərazi bütövlüyü əsasında beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həll edilməsinin vacibliyini qeyd edib.