İQTİSADİYYAT
Azərbaycan ilə Misir arasında kənd təsərrüfatı, turizm, sənaye sahələrində əməkdaşlıq imkanları mövcuddur
Bakı, 27 may, AZƏRTAC
Mayın 27-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Misirin Cənubi Sinay vilayətinin qubernatoru Xalid Fodanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin uğurla davam etdiyini, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əməkdaşlığın inkişafında xüsusi əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan nümayəndə heyəti bu yaxınlarda Misirdə keçirilmiş "Misirin iqtisadi inkişafı" mövzusunda Beynəlxalq konfransda iştirak edib. Misir nümayəndə heyətinin Azərbaycana səfəri də iki ölkə arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəkdir. Ölkələrimizin siyasi, humanitar və energetika sahəsində əməkdaşlıq etdiyini deyən Şahin Mustafayev kənd təsərrüfatı, turizm, sənaye, alternativ enerji sahələrində əməkdaşlıq imkanlarının olduğunu bildirib. Görüşdə ölkələrimizin regionları arasında əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb, iş adamları arasında əməkdaşlığın təşviq olunmasının əlaqələrin inkişafı baxımından əhəmiyyəti diqqətə çatdırılıb.
Misirin Cənubi Sinay vilayətinin qubernatoru Xalid Foda ölkəsinin güclü iqtisadiyyata malik Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Ölkələrimiz arasında əməkdaşlığın inkişafı baxımından qarşılıqlı səfərlərin intensivləşdirilməsinin önəmini qeyd edən Xalid Foda Azərbaycan nümayəndə heyətini bu ilin noyabrında və 2016-cı ildə Misirdə keçiriləcək iqtisadi forumlara dəvət edib. Turizm sahəsində əlaqələrin genişləndirilməsi üçün geniş potensialın olduğunu diqqətə çatdıran Xalid Foda Azərbaycan və Şarm əl-Şeyx arasında birbaşa hava reysinin açılmasını, eləcə də Misirdə Azərbaycan həftəsinin keçirilməsini təklif edib.