CƏMİYYƏT


Azərbaycan ilə Misir arasında tarixən dostluq əlaqələri olub

A+ A

Bakı, 24 dekabr, P.İmanova, AZƏRTAC

Dekabrın 24-də Bakı Musiqi Akademiyasında (BMA) “Elm çırağı” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan-Misir: elm və mədəniyyət müstəvisində” mövzusunda elmi seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, “Elm çırağı” İctimai Birliyinin sədri, professor Naida Məmmədxanova növbəti seminarın Azərbaycanın və Misirin elminə, mədəniyyətinə həsr olunduğunu söyləyib. Bildirilib ki, müasir Misir bəşəriyyətin ən qədim mədəniyyətindən bizə miras qalıb. Qədim dünya abidələrinin üçdə bir hissəsi bu ölkədə yerləşir. Mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində yerləşən ölkəmizdə bir çox qədim mədəniyyətlər iz buraxıb. Azərbaycan ilə Misir arasında tarixən dostluq əlaqələri olub. Qədim alban və kopt xristian kilsələri arasındakı yazışmalar, ölkəmizin ərazisində tapılmış, orta əsrlərə aid Misir sikkələri, ticarət əlaqələri, erkən və orta əsrlərdə qurulmuş diplomatik əlaqələr, orta əsrlər Azərbaycan ədəbiyyatında Misirin adının çəkilməsi bunu təsdiqləyir.

Qeyd edilib ki, keçmiş sovet dövründə də hər iki dövlət arasında mədəniyyət və elm sahələrində əlaqələr var idi. Misir Ərəb Respublikası Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olub. Ölkələrimiz arasında ilk diplomatik əlaqələr 1992-ci ildə qurulub və bu münasibətlər hazırda müxtəlif sahələrdə uğurla davam etdirilir.

BMA-nın prorektoru, professor Gülnaz Abdullazadə təmsil etdiyi ali təhsil müəssisəsinin fəaliyyət istiqamətlərindən söz açıb, Azərbaycan ilə Misir arasında dostluq və mədəniyyət əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin attaşesi, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi “Misir və Azərbaycan mədəni əlaqələri” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, Misir ilə Azərbaycan arasında əlaqələrin tarixi çox qədim dövrlərə aiddir. Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində və sonrakı dövrdə ölkələrimiz arasında siyasi, iqtisadi-ticari, təhsil və mədəniyyət sahəsində əlaqələr uğurla inkişaf edib. 1993-cü ildə Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirliyi fəaliyyətə başlayıb.

Qeyd edilib ki, ötən iyirmi ildə hər iki ölkə arasında mədəniyyət əlaqələri əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayıb. Belə ki, 2005-ci ildə Misirdə Azərbaycan Mədəniyyət Günləri, 2014-cü ildə isə Bakıda Misir Mədəniyyət Günləri keçirilib. Azərbaycan 2015-ci ildə Qahirə Beynəlxalq Kitab Sərgisində, Misir isə elə həmin ildə Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edib.

Əhməd Sami Elaydi rəhbərlik etdiyi mərkəzin fəaliyyətindən də danışıb. Vurğulanıb ki, bu, Azərbaycanda ilk və yeganə ərəb mədəniyyət mərkəzidir.

Ölkələrimiz arasında təhsil əlaqələrindən söz açan qonaq ilk dəfə Misirin Ayn-Şəms Universitetində Azərbaycan dilinin tədris olunduğunu diqqətə çatdırıb.

Seminarda “Ərəb miniatür sənətinin Azərbaycan miniatür boyakarlığının formalaşmasına təsiri”, “Ərəb dilinin əhəmiyyəti” və “Ərəb dili xəttatlıq sənəti” mövzularında məruzələr dinlənilib.

Tədbirdə BMA-nın tələbələri maraqlı konsert proqramı ilə çıxış ediblər. Həmçinin qədim Misir mədəniyyətini əks etdirən rəsm əsərlərindən ibarət sərgi nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.