İQTİSADİYYAT
Azərbaycan ilə Monako Knyazlığı arasında 3 sənəd imzalanıb VİDEO
Bakı, 7 noyabr, AZƏRTAC
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Monako İqtisadiyyat Palatası, Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası və Monako İqtisadiyyat Palatası arasında əməkdaşlığa dair memorandumlar, “Azalternativenerji” MMC ilə Monako Bərpa Olunan Enerji və Ekologiya Palatası arasında isə əməkdaşlığa dair niyyət protokolu imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədlər noyabrın 7-də Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə keçirilən Azərbaycan-Monako biznes forumu çərçivəsində imzalanıb.
Forumda iqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycanda reallaşdırılan iqtisadi islahatlar barədə məlumat verib. Bildirib ki, həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə davamlı və dayanıqlı iqtisadi inkişaf, makroiqtisadi sabitlik təmin edilib, əlverişli biznes və investisiya mühiti yaradılıb. Azərbaycanın əldə etdiyi sosial-iqtisadi uğurlar nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında da öz əksini tapır.
Nazir müavini Azərbaycan qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun gücləndirilməsi, ixracın genişləndirilməsi, “Made in Azerbaijan” brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Qeyd edib ki, bugünkü Azərbaycan-Monako biznes forumu “Made in Azerbaijan” brendinin təşviqi çərçivəsində təşkil edilən tədbirlərdəndir.
S.Babayev Monako Knyazlığı ilə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu deyib. Monako iş adamlarını azərbaycanlı həmkarları ilə əməkdaşlığa dəvət edib. Monakolu sahibkarlara AZPROMO tərəfindən zəruri dəstəyin göstəriləcəyini bildirib.
Monako Knyazlığının İqtisadiyyat Palatasının sədri Mişel Dotta Azərbaycan iqtisadiyyatına ölkəsində marağın böyük olduğunu, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində geniş əməkdaşlıq imkanlarının mövcudluğunu diqqətə çatdırıb. M.Dotta bugünkü biznes forumun iş adamları arasında birbaşa əlaqələrin qurulması, əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli olacağını deyib.
Monako İqtisadiyyat Palatasının nümayəndəsi Şəhriyar Malekin Monako şirkətlərinin fəaliyyətinə, AZPROMO-nun rəhbəri Rüfət Məmmədov ölkəmizin biznes və investisiya mühitinə, Monako Turizm və İstirahət İdarəsinin nümayəndəsi Erik Marsa Monakonun turizm potensialına dair təqdimatlarla çıxış ediblər.
Sonra Monako iqtisadiyyatına dair videoçarx nümayiş olunub. Biznes forum iş adamları arasında iqtisadi əlaqələrin və əməkdaşlıq perspektivlərinin müzakirə olunduğu ikitərəfli görüşlərlə davam edib.
Tədbirdə Azərbaycan və Monakodan rəsmi şəxslərlə yanaşı, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və digər sahələrdə fəaliyyət göstərən 150-yə yaxın iş adamı iştirak edib.