CƏMİYYƏT
Azərbaycan ilə Monteneqro arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş imzalanıb
Bakı, 27 aprel, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti Monteneqronun Podqoritsa şəhərində səfərdədir.
DMX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər zamanı nümayəndə heyəti Monteneqronun əmək və əhalinin sosial müdafiəsi naziri Kemal Purisiclə görüşüb. Görüşdə Azərbaycanla Monteneqro arasında inkişaf edən hərtərəfli əlaqələrin əhəmiyyətindən bəhs olunub. Hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərlərinin dövlətlərimiz arasında münasibətlərin yüksələn xətlə inkişafına verdiyi töhfələr qeyd edilib. Birgə iqtisadi layihələrin reallaşdırılması perspektivləri, energetika, turizm, infrastruktur və digər sahələrdə əməkdaşlığa dair dövlət başçılarının müəyyən etdikləri strategiyanın səmərəli nəticələrindən söhbət açılıb.
F.Nəbiyev hələ 2013-cü ildə Azərbaycan Respublikası və Monteneqro arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında Bəyannamənin imzalandığını xatırladıb. O, ötən dövr ərzində Azərbaycan və Monteneqro hökumətləri arasında iqtisadi əməkdaşlıq, həmçinin sərmayələrin təşviqi və qarşılıqlı qorunması, o cümlədən turizm sahəsində əməkdaşlıq haqqında, eləcə də humanitar sahədə imzalanmış bir sıra sazişlərin dövlətlərarası əlaqələrin möhkəmlənməsinə geniş imkanlar açdığını deyib. Xidmət rəisi Azərbaycanla Monteneqro arasında siyasi-diplomatik və iqtisadi-mədəni əlaqələr kontekstində Dövlət Miqrasiya Xidməti ilə Monteneqronun müvafiq qurumları arasında əməkdaşlığın əhəmiyyətinə toxunub, Azərbaycanda miqrantların hüquqlarının yüksək səviyyədə qorunduğuna diqqət çəkib. Azərbaycanın və Monteneqronun aidiyyəti qurumlarının əməkdaşlıq təcrübəsinin hər iki ölkədə həm də əmək miqrasiyası ilə bağlı sistemin təkmilləşdirilməsinə xidmət etdiyini söyləyib və qurumlar arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib.
Görüşdə miqrasiya, o cümlədən əmək miqrasiyası, onlara təsir edən amillər, bu prosesin tənzimlənməsi mexanizmləri, bu sahədə olan qanunvericilik bazası və digər məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
Daha sonra DMX rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti Monteneqronun daxili işlər naziri Mevludin Nuhodziclə görüşüb.
Azərbaycan və Monteneqro arasında miqrasiya sahəsində əməkdaşlığın perspektivlərindən söhbət açılan görüşdə F.Nəbiyev bu istiqamətdə iki ölkə arasında qurulan əlaqələrin yüksələn xətt üzrə inkişafı ilə bağlı konkret faktlara diqqət çəkib. Ölkəmizdə miqrasiya sahəsində qanunvericilik və icra mexanizmləri barədə danışıb. Xidmət rəisi “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən Dövlət Miqrasiya Xidmətinin ötən 10 ildə Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində əldə etdiyi nailiyyətlərdən bəhs edib. Azərbaycanda yaşayan və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması, miqrasiya proseslərinin idarə olunmasında iştirak edən dövlət orqanlarının zəruri informasiya ilə təmin edilməsi, miqrasiya ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılması və bu sahədə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi məqsədilə yaradılmış vahid miqrasiya məlumat sistemi haqqında məlumat verib.
Görüşdə, həmçinin hazırda dünyada baş verən miqrasiya axınları, miqrantların üzləşdikləri problemlər barədə danışılıb. Xidmət rəisi Ermənistanın Azərbaycana təcavüzündən söhbət açıb, keçən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində 20 faiz ərazimizin işğal edildiyini, işğal nəticəsində bir milyondan çox insanın qaçqın və köçkün düşdüyünü bildirib. Qeyd edib ki, Azərbaycan bu böhranın öhdəsindən demək olar ki, təkbaşına gəldi. Bu gün köçkünlərin məşğulluğu, yaşayış şəraitinin yaxşılaşdırılması üçün çox böyük işlər görülür. Yüzə yaxın qəsəbə salınıb, qaçqın və köçkünlər yeni gözəl mənzillərə, evlərə köçürülüb. Münaqişə isə Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından hələ ki, həllini tapmayıb və Azərbaycan əraziləri işğal altındadır.
Miqrasiya sahəsində qarşılıqlı münasibətlərin tənzimlənməsi üçün hüquq-müqavilə bazasının möhkəmləndirilməsi, həmçinin qeyri-müəyyən vəziyyətdə olan vətəndaşların leqallaşdırılması və statuslarının müəyyənləşdirilməsinə dair məsələlərin müzakirə olunduğu görüşdə qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb.
Mevludin Nuhodzic bu səfərin miqrasiya sahəsində əlaqələrin inkişafına və qeyd edilən bir sıra məsələlərin həllinə əsaslı təsir göstərəcəyinə inandığını deyib.
Sonra “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş”in imzalanma mərasimi keçirilib. Sazişi Azərbaycan Prezidentinin 2016-cı il 14 dekabr tarixli Sərəncamına əsasən “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” layihəsini Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyəti verilmiş Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev və Monteneqro tərəfindən daxili işlər naziri Mevludin Nuhodzic imzalayıblar.