İQTİSADİYYAT
Azərbaycan ilə Özbəkistan arasında beynəlxalq avtomobil daşımaları üzrə saziş layihəsi müzakirə olunub
bakı, 9 oktyabr, AZƏRTAC
Daşkənddə beynəlxalq avtomobil daşımalarına icazələrin mübadiləsi və digər məsələlərlə bağlı Azərbaycan-Özbəkistan arasında saziş layihəsi müzakirə olunub. Tərəflər beynəlxalq avtomobil daşımaları üzrə iki ölkənin hökumətləri arasında saziş layihəsinin yekun variantı barədə razılığa gəliblər.
Nəqliyyatı İntellektual İdarəetməsi Mərkəzindən (NİİM) AZƏRTAC-a bildirilib ki, görüşdə Özbəkistan Respublikası avtomobil və çay nəqliyyatı agentliyinin rəis müavini Şaalim Şavaxabov və Azərbaycanın Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev iştirak ediblər.
Görüşdə beynəlxalq avtomobil daşımaları sahəsində Özbəkistan və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın əhəmiyyəti, avtomobil nəqliyyatı sahəsində iki ölkə arasında qanunvericilik və normativ hüquqi aktlar haqqında informasıya mübadiləsinin vacibliyi və qarşılıqlı tərəfdaşlığın inkişafından danışılıb. Bildirilib ki, 2013-cü il ilə müqayisədə Özbəkistan və Azərbaycan arasında avtomobil nəqliyyatı ilə yük daşımaların həcminin 2015-ci ildə daha çox artımı qeydə alınıb. Həmçinin, beynəlxalq avtomobil daşımaları sahəsində ikitərəfli əməkdaşlığın cari vəziyyətinin gələcək inkişaf üçün böyük potensiala malik olması fikri də vurğulanıb.