İQTİSADİYYAT
Azərbaycan-Özbəkistan əlaqələri bütün sahələrdə inkişaf edir
Daşkənd, 27 fevral, AZƏRTAC
Özbəkistanın iqtisadiyyat naziri Qalina Saidova bu ölkədə səfərdə olan Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə görüşüb.
Görüşdə iqtisadi sahədə əlaqələrin inkişafı istiqamətində fikir mübadiləsi aparılıb, ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə uğurla davam etdirildiyi vurğulanıb. Nəqliyyat sahəsində əlaqələrin dərinləşdirilməsi, müəssisələr arasında əməkdaşlığın daha da inkişafı, yüngül sənaye, o cümlədən toxuculuq sahəsində işbirliyi məsələləri diqqət mərkəzində olub.
Söhbət zamanı Özbəkistanın Azərbaycandan keçməklə yüklərin dünya bazarına çıxarılmasında maraqlı olduğu, ildən-ilə yüklərin həcminin artırılmasının nəzərdə tutulduğu qeyd edilib. Bildirilib ki, Özbəkistanda avtomobil istehsalı geniş inkişaf edib. Burada müxtəlif markalı avtomobillər istehsal edilir.
Tərəflər biznes forumların və yeni sərgilərin keçirilməsi, Özbəkistan istehsalı olan avtomobillərin Azərbaycana ixracı ilə bağlı müzakirələr aparıblar.
Görüşdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də iştirak edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd