CƏMİYYƏT
Azərbaycan ilə Pakistan arasında əmək və məşğulluq sahəsində müqavilə-hüquq bazasının yaradılması məsələsi müzakirə edilib
Bakı, 5 avqust, AZƏRTAC
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin xaricdə yaşayan pakistanlılarla iş və insan resursların inkişafı naziri Pir Seyid Sadaruddin Şah Rəşidi ilə görüşüb.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Pakistan arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin yaratdığı imkanlar, hər iki ölkənin bir-birinə verdiyi dəstək, mədəni, dini bağlılıqlar, mənəvi dəyərlər, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində həyata keçirilən humanitar və sosial yönümlü layihələrdən söhbət açılıb. Qarşılıqlı əməkdaşlığın davam etdirilməsi məqsədilə insan resurslarının inkişafı, əmək və məşğulluq sahəsində müqavilə-hüquq bazasının yaradılması ilə bağlı müzakirələr aparılıb.
Nazir Pir Seyid Sadaruddin Şah Rəşidi, əmək, məşğuluq, vətəndaşların sosial müdafiəsi, əməkçi miqrantların hüquqların müdafiəsi sahəsində rəhbərlik etdiyi qurum tərəfindən görülən işlər barədə məlumat verərək, Azərbaycanın müvafiq qurumları ilə fəal əlaqələrin daha da artırılması və təcrübə mübadiləsinin həyata keçirilməsində maraqlı olduqlarını bildirib.