SİYASƏT
Azərbaycan ilə Pakistan arasında əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə edilib
İslamabad, 1 noyabr, AZƏRTAC
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Baş nazirinin xarici işlər üzrə məsləhətçisi, xarici işlər naziri vəzifəsini icra edən Sərtac Əzizlə görüşüb.
Səfir Pakistanın ölkəmiz üçün dost və qardaş ölkə olduğunu, Azərbaycan Prezidentinin Pakistan ilə əlaqələrə xüsusi önəm verdiyini qeyd edib.
Diplomat ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini, beynəlxalq məsələlərdə hər iki ölkənin bir-birini dəstəklədiklərini vurğulayıb.
Ə.Əlizadə bildirib ki, Pakistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyib, Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı bir dövlət kimi tanımadığını bəyan edib. Səfir bütün bunların Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
Diplomat Pakistan ilə bütün sahələrdə mövcud qarşılıqlı əməkdaşlığın, iqtisadi, ticari əlaqələrin inkişafı üçün səylərin daha da artırıldığını, mədəni əlaqələrin gücləndirilməsi və xalqlarımız arasında münasibətlərin dərinləşdirilməsi istiqamətində işlərin davam etdiyini vurğulayıb.
Bildirilib ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində həyata keçirilən humanitar və sosial yönümlü layihələr xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətlərinin inkişafına xüsusi təkan verir.
Sərtac Əziz Azərbaycan-Pakistan əlaqələrinin, iki xalq arasında mövcud olan dostluq münasibətlərinin ən yüksək səviyyəyə çatdığını bildirib.
Ötən il Pakistan Prezidenti Məmnun Hüseynin, bu il isə Pakistanın Baş naziri Nəvaz Şərifin Azərbaycana səfərlərini xatırladan Sərtac Əziz bu səfərlərin qarşılıqlı əlaqələrin daha da inkişafına müsbət təsir göstərəcəyini vurğulayıb. Pakistanın və Azərbaycanın daim bir-birinə göstərdiyi dəstəyin önəmini qeyd edən Sərtac Əziz iki ölkə arasındakı möhkəm siyasi münasibətlərlə yanaşı, iqtisadi, ticari, mədəni, elmi, hərbi-texniki və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi, birbaşa hava reyslərinin yaradılması üçün geniş potensialın olduğunu bildirib.
Görüşdə, həmçinin gələcəkdə nəzərdə tutulan qarşılıqlı səfərlər, görüşlər və keçiriləcək sərgilər haqqında da fikir mübadiləsi aparılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad