SİYASƏT
Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə edilib
İslamabad, 11 noyabr, AZƏRTAC
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Muhammad Zakaullah ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Pakistan arasında səmimi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğu vurğulanıb, hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub.
Tərəflər vaxtaşırı keçirilən müxtəlif sərgilərdə iştirakın təmin olunması, təcrübə mübadiləsi, qarşılıqlı səfərlərin təşkili haqqında fikir mübadiləsi aparıblar.
Görüşdə ölkələrimizin bütün sahələrdə bir-birinə verdikləri dəstək yüksək qiymətləndirilib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və tələbləri, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında tezliklə həll olunmasının vacibliyi vurğulanıb.
Muhammad Zakaullah Pakistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin tarixi, dini və mədəni köklərə malik olduğunu bildirib, ölkələrimiz arasında əlaqələrin, o cümlədən Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi istiqamətində birgə fəaliyyətlərin əhəmiyyətini qeyd edib.
Azərbaycana səfərini xatırladan M.Zakaullah ölkəmizin iqtisadi inkişafının, xüsusilə Bakının gözəlliyinin onda dərin təəssürat yaratdığını deyib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad