CƏMİYYƏT
Azərbaycan ilə Pakistan arasında korrupsiyaya qarşı mübarizədə birgə təcrübənin öyrənilməsi barədə fikir mübadiləsi aparılıb
Bakı, 6 iyun, AZƏRTAC
İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə təşkilatlarının rəhbərlərinin və ombudsmanlarının Bakıda keçirilən üçüncü iclası çərçivəsində baş prokuror Zakir Qaralov Pakistan İslam Respublikasının Milli Hesabatlılıq Bürosunun rəisi Zahir Şahın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə baş prokuror qonaqlara ölkəmizdə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktları, prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması və aparılan əsaslı islahatlar, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti barədə ətraflı məlumat verib.
Tədbirin uğurlu açılışı və Azərbaycanın iclasa sədrliyi münasibətilə təbriklərini çatdıran qonaq ölkələrimizin bütün sahələrdə səmərəli əməkdaşlıq etdiyini, Azərbaycanın haqq səsinin bütün beynəlxalq tədbirlərdə daim Pakistan tərəfindən dəstəkləndiyini vurğulayıb.
Görüşdə iki ölkənin hüquq mühafizə orqanları arasında işgüzar əlaqələrin daha da genişlənməsi, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində qarşılıqlı təcrübənin öyrənilməsi barədə geniş fikir mübadiləsi aparılıb.