İQTİSADİYYAT
Azərbaycan ilə Pakistan arasında ticari-iqtisadi əməkdaşlığın daha da inkişafı üçün böyük potensial var
İslamabad, 27 iyul, AZƏRTAC
Azərbaycan və Pakistan bir-birinə mütəmadi olaraq dəstək göstərir. Münasibətlərin inkişafında iki ölkənin rəhbərlərinin önəmli rolu var.
Bu fikirlər Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadənin ölkənin ticarət naziri Xurram Dastgir Xan ilə görüşündə bildirilib.
Görüşdə Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi müxtəlif humanitar və sosial yönümlü layihələr haqqında söhbət açılıb, bu cür səmimi münasibətlərin fonunda iqtisadi və ticari əlaqələrin daha da artırılmasının önəmi vurğulanıb.
Azərbaycanda əldə olunan sosial-iqtisadi inkişaf, xarici investorlar üçün yaradılan münbit şərait, sənaye şəhərcikləri və investisiya parklarının fəaliyyəti, digər iqtisadi və ticari imkanlar haqqında məlumat verən səfir bu şəraitdən pakistanlı iş adamlarının daha çox istifadə edə biləcəyini bildirib. O, Pakistanın qardaş ölkə olması baxımından, eləcə də ərazi və əhalisinin böyüklüyünə görə Azərbaycan məhsullarının satışı, sərmayə yatırımı üçün yaxşı üstünlüklərə malik olduğunu qeyd edib.
Nazir Xurram Dastgir Xan 2016-cı ilin yanvar ayında Davosda Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın Baş naziri Məhəmməd Navaz ilə
səmimi görüşünü xatırladıb. O, iki ölkənin rəhbərlərinin dostluq və qardaşlıq münasibətlərindən istifadə etməyin önəmini vurğulayıb, ikitərəfli ticari-iqtisadi əməkdaşlığın daha da inkişafı üçün böyük potensialın olduğunu qeyd edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad