İQTİSADİYYAT
Azərbaycan ilə Pakistan arasında ticari-iqtisadi əməkdaşlığın inkişafı üçün böyük potensial var
İslamabad, 1 noyabr, AZƏRTAC
Azərbaycan ilə Pakistan arasında turizm, toxuculuq sənayesi, kənd təsərrüfatı, pambıqçılıq, toxumçuluq sahələrində əməkdaşlıq üçün geniş imkanlar var.
Bu fikir Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadənin Ticarət və Sənaye Palataları Federasiyasının prezidenti Abdul Rauf Aləmlə görüşündə bildirilib.
Pakistanın iqtisadi göstəricilərinin son illərdə artdığını bildirən Ə.Əlizadə bu ölkədə Azərbaycan məhsullarının satışı, sərmayə yatırımı üçün yaxşı imkanların olduğunu qeyd edib. Bir sıra azərbaycanlı iş adamlarının Pakistanla ticarət əlaqələrinin yaradılması üçün səfirliklə təmasda olduğunu qeyd edən diplomat Azərbaycandakı sosial-iqtisadi inkişaf, xarici investorlar üçün yaradılan şərait, sənaye şəhərcikləri və investisiya parklarının fəaliyyəti və digər ticari-iqtisadi imkanlar haqqında məlumat verib, pakistanlı iş adamlarının da bu imkanlardan səmərəli istifadə etmələrinin önəmini vurğulayıb.
Abdul Rauf Aləm Azərbaycan ilə Pakistan arasında mövcud olan yüksək səviyyəli əlaqələrdən hər iki ölkənin iş adamlarının mümkün qədər səmərəli istifadə etmələrinin vacibliyindən danışıb. O, ölkələrimiz arasında ticari-iqtisadi əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.
Federasiyanın prezidenti noyabr ayının sonunda İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçiriləcək biznes forumunda iştirak etmək üçün geniş nümayəndə heyəti ilə Azərbaycana səfər edəcəyini, səfər çərçivəsində müxtəlif görüşlər keçiriləcəyini bildirib. O, Pakistanla Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi imkanlarını araşdıracaqlarını vurğulayıb. Abdul Rauf Aləm ticari-iqtisadi əlaqələrin daha da inkişafı üçün göstərdiyi dəstəyə görə səfirliyə təşəkkür edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad