İQTİSADİYYAT


Azərbaycan ilə Pakistan arasındakı ticari-iqtisadi əlaqələrin inkişafı üçün böyük potensial mövcuddur

A+ A

Bakı, 2 sentyabr, AZƏRTAC

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin maliyyə, gəlirlər, iqtisadi işlər, statistika və özəlləşdirmə üzrə federal naziri Məhəmməd İshaq Dar ilə görüşüb.

Səfirlikdən AZƏRTAC- a bildiriblər ki, görüşdə hər iki ölkənin bir-birinə mütəmadi göstərdiyi dəstək, Kəşmir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişələrinin hazırkı vəziyyəti, Azərbaycan-Pakistan münasibətlərinin inkişafında iki ölkənin rəhbərlərinin önəmli rolu, Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi müxtəlif humanitar və sosial yönümlü layihələr, gələcəkdə həyata keçirilməsi planlaşdırılan yüksək səviyyəli səfərlər barədə danışılıb, bu cür səmimi münasibətlər fonunda maliyyə, iqtisadiyyat və ticarət sahəsində əlaqələrin daha da artırılmasının önəmi vurğulanıb.

Əli Əlizadə Azərbaycanda əldə olunan sosial-iqtisadi inkişafdan, iki ölkə arasında enerji, ticarət və digər sahələrdə görülən tədbirlərdən, yeni müqavilələrin hazırlanması istiqamətində aparılan işlərdən danışıb. Səfir enerji, tekstil, metallurgiya və digər sahələr üzrə də azərbaycanlı iş adamlarının Pakistanla iqtisadi-ticari əlaqələrin qurulmasına maraq göstərdiyini söyləyib. Həmçinin Pakistanın qardaş ölkə olması baxımından, eləcə də ərazi və əhalisinin böyüklüyünə görə Azərbaycan məhsullarının satışı, sərmayə yatırımı üçün yaxşı üstünlüklərə malik olduğunu qeyd edib. Əli Əlizadə ölkələrarası bu şəraitdən pakistanlı iş adamlarının da yararlana biləcəyini vurğulayıb.

Nazir Məhəmməd İshaq Dar iki ölkə arasındakı ticari və iqtisadi potensialın böyük olduğunu deyib. Nazir Azərbaycanın müdafiə sənayesi sahəsində Pakistanın imkanlarından istifadə edə biləcəyini vurğulayıb. Qeyd edib ki, enerji, ticarət, iqtisadi sahələrdə həyata keçirilən işlərin daha da artırılması, bu istiqamətdə müqavilə-hüquq bazasının təkmilləşdirilməsi qarşılıqlı əlaqələrə müsbət töhfələr verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.