İQTİSADİYYAT
Azərbaycan ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı əməkdaşlığı genişləndirir
Bakı, 12 iyun, AZƏRTAC
Azərbaycan ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı əməkdaşlığı genişləndirir.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyunun 12-də Azərbaycanın maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti İhsan Uğur Delikanlının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan ilə QDTİB arasında əməkdaşlığın hazırki vəziyyəti və perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb, real sektorla birbaşa əməkdaşlığa üstünlük verən bankın bu sahənin inkişafı məqsədilə müxtəlif layihələrə, o cümlədən ticarəti maliyyəşdirmək üçün verdiyi dəstəyin əhəmiyyəti vurğulanıb.
Hazırda Azərbaycanda qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsini təmin etmək üçün Prezident İlham Əliyev tərəfindən hökumət qarşısında mühüm vəzifələr qoyulduğunu deyən nazir S.Şərifov ölkədə davamlı iqtisadi inkişafın təmin olunması istiqamətində qarşıya qoyulan məqsədlərə çatmaq üçün bankın öz töhfəsini verməkdə davam edəcəyinə əminliyini ifadə edib.
Öz növbəsində İhsan Uğur Delikanlı etibarlı tərəfdaşı kimi Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunması istiqamətində QDTİB-nin bundan sonra da hökumət ilə uğurlu əməkdaşlığı davam etdirəcəyini bildirib.
QDTİB 1999-cu ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaradıcısı və üzvü olan ölkələr Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan, Ermənistan və Ukrayna tərəfindən yaradılıb. Hazırda Bankın nizamnamə kapitalı 3,45 milyard, səhm kapitalı isə 2,29 milyard avro təşkil edir. Səhm kapitalında Azərbaycan 5 faiz paya malikdir. Bank Azərbaycanda özəl sektora 34 layihə üzrə cəmi 359 milyon avro məbləğində kredit ayırıb ki, bu da Bankın əməliyyatlar portfelində 8,4 faiz təşkil edir.