MƏDƏNİYYƏT
Azərbaycan ilə Qazaxıstan arasında bir sıra sahələrdə əməkdaşlıq perspektivləri müzakirə edilib
Astana, 18 fevral, АZƏRTAC
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bu ölkənin mədəniyyət və idman naziri Arıstanbek Muxameduli ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında yüksək səviyyəli əlaqələrdən danışılıb, mədəniyyət, turizm və idman sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Sözügedən sahələrdə əməkdaşlığın ortaq köklərə mənsub xalqlarımızın daha da yaxınlaşmasına xidmət etməsi qeyd edilib və mədəni dəyərlərimizin qorunub saxlanılaraq gələcək nəsillərə ötürməsində misilsiz rol oynaması vurğulanıb. Bu baxımdan türk xalqlarının tarixi-mədəni miraslarının UNESCO-nun qeyri-maddi Mədəni İrsi siyahısına salınması sahəsində türkdilli ölkələrin birgə səyləri nəticəsində əldə edilən uğurlara toxunulub və TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu çərçivəsində əməkdaşlığın vacibliyi vurğulanıb.
Səfir Azərbaycanın cari ildə Astanada keçiriləcək “Astana Expo-2017” sərgisində ən gözəl pavilyonlardan birini yaradacağına inamını ifadə edib.
Həmçinin “Astana Expo-2017” sərgisi çərçivəsində Azərbaycan mədəniyyət günlərinin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Cari ildə ölkəmizdə keçiriləcək Formula-1 Azərbaycan Qran-prisi və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları zamanı qazaxıstanlı turistlərin Azərbaycana rahat gəlmələri üçün müxtəlif turpaketlərin hazırlanacağı diqqətə çatdırılıb. Birgə turizm paketinin hazırlanması istiqamətində hər iki ölkənin turizm şirkətlərinin təşviq edilməsi üçün müvafiq qurumların əməkdaşlığa başlaması təklif edilib.
Sonra işğal altında olan Azərbaycan torpaqlarına qanunsuz turist səfərlərinin qarşısının alınması ilə bağlı müzakirələr edilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana