SİYASƏT
Azərbaycan ilə Qazaxıstanı çoxəsrlik dostluq telləri bağlayır
Bakı, 17 dekabr, Ülviyyə Məmmədli, AZƏRTAC
Azərbaycan ilə Qazaxıstanı çoxəsrlik qonşuluq, dostluq telləri bağlayır. İl yarımdır ki, Bakıda səfir işləyirəm və bu müddətdə əmin oldum ki, bizə ən yaxın qonşu, ən doğma ölkə Azərbaycandır. Ölkələrimizi həm də Xəzər dənizi birləşdirir. Əməkdaşlığımızın perspektivləri bu dənizlə də bağlıdır.
Bu sözləri Qazaxıstanın Azərbaycandakı səfiri Amangeldi Jumabayev AZƏRTAC-a müsahibəsində deyib.
Səfir qeyd edib ki, bu il Azərbaycan ərazisi ilə, əsasən dəmir yolu vasitəsilə 3,5 milyon ton Qazaxıstan nefti daşınıb. 2016-cı ildə “Kaşağan” yatağının istismarına başlanılandan sonra Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft nəqlinin həcmi artacaq. Diplomat Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin önəmini də qeyd edib, bu xəttin yükdaşımaların həcminin artırılmasına kömək edəcəyini vurğulayıb.
A.Jumabayev bildirib ki, Bakı yaxınlığında tikilən yeni liman hər il Qazaxıstan vasitəsilə Çindən 12 milyon ton yükün gətirilməsinə imkan verəcək. Buna görə də Azərbaycan, Qazaxıstan, Türkiyə və Gürcüstan arasında tranzit şərtlərini müəyyənləşdirən anlaşmalar hazırlanır. Hazırda Çin ilə Avropa ölkələri arasında yük dövriyyəsi 600 milyard dollar təşkil edir. Bu yüklər əsasən dəniz yolu ilə daşınır və 30 gün vaxt aparır. Gələcəkdə isə bu, 12-15 gün ərzində həyata keçiriləcək və yüklərin daşınması da ucuz başa gələcək. Nəqliyyat infrastrukturunun düzgün qurulması ölkələrimiz üçün mənfəət gətirəcək.
Səfir qeyd edib ki, ötən il Qazaxıstan ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 400 milyon dollar təşkil edib. Ölkələrimiz iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq edir.
Diplomat son il yarım ərzində Azərbaycanla Qazaxıstan arasında aviareyslərin sayının artdığını da diqqətə çatdırıb.